Bugun.tv xəbər verir ki, Fransada güclü quraqlıq və istilər ölkənin məşhur pendirlərinin istehsal qaydalarının müvəqqəti yumşaldılmasına səbəb olub. The Guardian-ın 27 avqust tarixli məlumatına görə, Comté, Beaufort və Abondance pendirlərinin istehsalçılarına inəklərin yemlənməsi ilə bağlı müəyyən güzəştlər verilib.
Səbəb isə ənənəvi südçülük təsərrüfatlarının yerləşdiyi ərazilərdə otlaqların ciddi şəkildə qurumasıdır. Fransanın bəzi bölgələrində otlaq sahələri yay aylarında tamamilə saralıb və heyvanların təbii qidalanması çətinləşib.

Comté Fransanın ən çox satılan ənənəvi pendirlərindən biridir. Ötən il bu pendirdən 62 min tondan çox istehsal edilib. Məhsulun keyfiyyətini və ənənəvi xüsusiyyətlərini qorumaq üçün istehsalçılar ciddi qaydalara əməl etməlidirlər.

Lakin bu il quraqlıq həmin qaydaların müvəqqəti dəyişdirilməsinə səbəb olub. İstehsalçılara heyvanların rasionuna başqa ərazilərdən gətirilən yem və taxıl əlavə etməyə icazə verilib.
Fransanın aidiyyəti qurumu bir sıra digər məşhur pendirlər üçün də oxşar güzəştlərin tətbiqini nəzərdən keçirir.

Mənbə: The Guardian
