Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov 2026-cı ilin ilk 7 ayında Azərbaycana gələn turistlərin sayı və ölkələr üzrə bölgüsü ilə bağlı sosial media hesabında paylaşım edib.
Deputatın sözlərinə görə, ilin ilk 7 ayında Azərbaycana 1 milyon 342 min turist səfər edib. Gələnlərin təxminən yarısını Rusiya və Türkiyə vətəndaşları təşkil edir. Belə ki, turistlərin 28,3 faizi Rusiya, 20 faizi isə Türkiyə vətəndaşlarının payına düşüb.
Vüqar Bayramov diqqəti Türk dövlətlərindən Azərbaycana səfər edən turistlərin sayına yönəldib. O bildirib ki, bu dövrdə Azərbaycana gələn turistlərin təxminən 30 faizi Türk dövlətlərinin vətəndaşlarıdır. Bu isə ölkəyə səfər edən hər üç turistdən birinin Türk dünyasını təmsil etdiyini göstərir.
Deputat qeyd edib ki, ilin ilk 7 ayında Qazaxıstandan 61 759, Özbəkistandan isə 42 963 turist Azərbaycana gəlib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərindən sonra bu ölkədən turist axınının daha da artacağı gözlənilir.
Bayramov Azərbaycan və Özbəkistan arasında imzalanan Əbədi Dostluq Müqaviləsinin turizm sahəsində əməkdaşlığa da müsbət təsir göstərəcəyini vurğulayıb. O hesab edir ki, Türk dövlətləri arasında strateji tərəfdaşlığın güclənməsi qarşılıqlı turizm əlaqələrinin inkişafına əlavə imkanlar yaradır.
Deputat həmçinin körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayının 32,8 faiz azaldığını bildirib. Onun fikrincə, bu azalmanın əsas səbəblərindən biri İran münaqişəsinin regiona təsirləridir.
Eyni zamanda, Avropa İttifaqı ölkələrindən gələn turistlərin sayında 8 faiz artım, MDB dövlətlərindən gələnlərdə isə 1,6 faiz artım qeydə alınıb.
