25 C
Baku
27 İyul 2024, 5:01
Baş xəbərSiyasət

R.Məmmədli: “Azərbaycan Ordusuna – hərbçisinə yönələn həqarətin qarşısı alınmalıdır”

 

Azərbaycan Ordusuna – hərbçisinə yönələn həqarətin qarşısı alınmalıdır . Sözüm təkcə deputat Qüdrət Həsənquliyevə deyil…

Ordu hər bir xalqın, millətin yaratdığı bacarıqlı və döyüşkən şəxslərdən təşkil olunan hərbi strukturdur. Ordu həm də, ölkənin bir çox sahələrinin inkişafına təkan verir. Yəni ordu ölkənin elmi inkişafının lokomativi rolunu da oynayan bir strukturdur. Hələ qədim dövrlərdən millətlərin elmi kəşfləri, ən effektiv bilik və bacarıqları ordunun silah-texnika imkanlarının yaradılması üçün istifadə olunub. Bu gün də  elədir. Yəni , dövlətlər öz elmi sahədəki uğurlarını ilk növbədə ordunun potensialının gücləndirilməsi üçün istifadə edirlər. Bu gün bizim mülki həyatda istifadə etdiyimiz onlarla texnologiya, əvvəlcə hərbi məqsədlər üçün istifadə olunub.
Xalqların ən bacarıqlı insanları, həm də ordu sıralarında dövlətə xidmət edirlər.

Azərbaycan xalqının sıralarından da dünyanın siyasi xəritəsini dəyişən, hərb tarixinə öz adını qızıl hərflərlə yazan böyük sərkərdələr və hərbi xadimlər çıxıb və indi də həmin ənənə davam edir.

Bu gün Azərbaycan Milli Məclisinin deputatının, yəni seçilmiş şəxslərdən birinin – deputat Qüdrət Həsənquliyevin media vasitəsilə Azərbaycan Ordusunun əsas postlarından olan, yəni ordunun onurğa sütünu funksiyasını icra edən Baş Qərargahın rəisi vəzifəsinə başqa bir ölkənin vətəndaşının təyin olunmasını təklif etməsi, ilk növbədə Qüdrət Həsənquliyevin xalqımıza, dövlətimizin illər ərzində yaratdığı hərbi struktura hörmət etməməsindən, millətimizin hərbi bilik və bacarığına inanmamasından irəli gəlir.

Bu olduqca zərərlidir. Çünki Qüdrət Həsənquliyevin belə bir təklifi ənənə halını ala bilər və digər deputatlar, o cümlədən ictimai şəxslər tərəfindən də dəstəklənə bilər. Bu ideyanı vacib hesab edənlər ictimai mühitdə belə bir fikrin formalaşmasına şərait yarada bilərlər.

Azərbaycan Ordusunun sıralarında dünyanın ən öncül hərbi biliklərinə yiyələnmiş, vicdanlı, dəyərli, dövlətinə və xalqına sədaqətlə xidmət edən minlərlə yüksək rütbəli peşakar zabit xidmət edir. Bu zabitlər Vətən Müharibəsinə qədər, həm də sonra dövlətə və xalqımıza vicdanla xidmət etməklə yanaşı, millətimizin hərbi ənənəsini yaşadırlar.

Bəli, Türkiyə Azərbaycanın strateji tərəfdaşıdır və hərbi müttəfiqidir. Türkiyə Ordusunun təcrübəsindən, türkiyəli zabitlərin hərbi bilik və bacarığından istifadə etmək bizim üçün məqsədəuyğundur. Bu müttəfiq ölkələr arasında mövcud olan ənənələrdən biridir.

Dünyanın bütün müttəfiq ölkələrinin hərbçiləri arasında təcrübə mübadiləsi həyata keçirilir. Hətta, zaman-zaman bu və ya digər ölkənin hərbçiləri, digər ölkənin ordusunda müəyyən istiqamətlərin inkişaf etdirilməsində də iştirak edirlər. Necə ki, türkiyəli general-polkovnik Bəxtiyar Ersay Azərbaycan müdafiə nazirinin müşaviri kimi bu vəzifəni icra edir. Amma bu, xarici ölkə vətəndaşının Azərbaycan Ordusunda bir nömrəli vəzifəni tutması kimi hal yarada bilməz. Belə bir təklifin irəli sürülməsi də doğru deyil.

Mənim fikirlərim təkcə Qüdrət Həsənquliyevə deyil, bu fikri dəstəkləyən hər bir Azərbaycan vətəndaşına yönəlib.
Ümumiyyətlə ,buna bənzər halları bir müddətdir cəmiyyətdə müşahidə edirəm. Çox təəssüf ki, vaxtilə Rusiyaya yarınan adamlar olduğu kimi, bu gün də Türkiyə üçün eyni missiyanı icra edən bir şəbəkə formalaşıb. Bu şəbəkə Azərbaycanın bütün sahələrinin inkişafını və xoşbəxtliyimizi Ankaradan verilən tapşırıqlarda görür.
Bu Azərbaycan dövlətinə və xalqına qarşı xəyanətdir. Dövlətimiz və millətimiz bu cür mövqedə olan şəxsləri unutmamalıdır.

General-polkovnik Bəxtiyar Ersay peşəkar hərbçi və hətta yaxşı insan da ola bilər. Amma o Azərbaycan Ordusunun Baş Qərargah rəisi ola bilməz.

Bugun.tv xəbər verir ki, bu sözləri  Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli öz Facebook hesabında paylaşım edib.

Oxşar xəbərlər

Oğurluq edən şəxsin üzərindən metamfetamin aşkarlandı

Aynur Camal

Mənzildə yanğın oldu: 56 nəfər öldü

Bugün TV

“Jurnalist Sənətkarlığının İnkişafına Dəstək” İB dövlət qurumlarında təlimlərini davam etdirir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu