Bugun.tv xəbər verir ki, partlayışlar nəticəsində zədələnmiş “Şimal Axını” qaz kəmərinin bərpası maliyyələşdirmənin vaxtında təmin olunacağı və əlavə gecikmələrin yaşanmayacağı təqdirdə təxminən üç il davam edə bilər.
Bu barədə RBC nəşri qaz kəmərinin operatoru olan Nord Stream AG ilə sığorta şirkətləri arasında London Ali Məhkəməsində aparılan məhkəmə işi üzrə sənədlərə istinadən məlumat yayıb.
Məlumata görə, layihənin icrası üçün tələb olunan 36 aylıq müddətə texniki layihələndirmə, lazımi icazələrin alınması, materialların satın alınması, podratçıların səfərbər edilməsi və zədələnmiş hissələrin təmiri daxildir.
Sənəddə qeyd olunur ki, bu hesablamalar hazırda real bərpa planı deyil, Nord Stream AG şirkətinin sığorta şirkətlərindən tələb etdiyi kompensasiyanın müəyyənləşdirilməsi məqsədilə hazırlanıb. Məhkəmə sığorta ödənişinin qüvvədə olduğunu təsdiqləyərsə, həmin rəqəmlər kompensasiya məbləğinin hesablanmasında istifadə edilə bilər.
Ekspertlər bəzi texniki məsələlər üzrə ortaq mövqeyə gəliblər. Onların qiymətləndirməsinə əsasən, Çindən 7 kilometrlik yeni boruların alınması təxminən 16,8 milyon avroya başa gələcək.
Qeyd edək ki, İngiltərə və Uels Ali Məhkəməsində “Şimal Axını” və “Şimal Axını-2” qaz kəmərlərində baş vermiş partlayışlarla bağlı məhkəmə prosesi başlayıb. Nord Stream AG şirkəti cavabdeh tərəf olan Lloyd’s sığorta şirkətindən 580 milyon avro həcmində təzminat tələb edir. Təxminən beş həftə davam edəcəyi gözlənilən prosesə hakim Kler Moulder rəhbərlik edir.
Mənbə: TASS
