Bugun.TV xəbər verir ki, Yaponiyanın Çiba prefekturasında rekord miqdarda yağan yağışlar ciddi daşqınlara səbəb olub. Təbii fəlakət nəticəsində azı 5 nəfər həyatını itirib, 20-dən çox insan yaralanıb.
Reuters-in məlumatına görə, güclü yağışlar Çiba prefekturasında çayların daşmasına və bir sıra ərazilərin su altında qalmasına səbəb olub. Xilasetmə xidmətləri zərərçəkənlərin köçürülməsi və itkin şəxslərin axtarışı üçün işlərini davam etdirir.
Yağıntılar Yaponiyanın əsas beynəlxalq hava qovşaqlarından biri olan Narita Hava Limanının fəaliyyətinə də ciddi təsir göstərib. Minlərlə sərnişin reyslərin təxirə salınması və nəqliyyat əlaqələrinin pozulması səbəbindən hava limanında qalıb.
Hava şəraitinin yaratdığı problemlər səbəbindən yolların bəzi hissələrinin bağlandığı, dəmir yolu və avtomobil nəqliyyatında da fasilələrin yarandığı bildirilir.
Yaponiya Meteorologiya Agentliyi bölgədə yeni güclü yağışlar ehtimalına qarşı əhaliyə ehtiyatlı olmaq və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq barədə xəbərdarlıq edib.
Hadisə Yaponiyada son dövrdə müşahidə olunan ekstremal hava şəraitinin yaratdığı təhlükələri bir daha gündəmə gətirib.
Mənbə: Reuters
