Avropanın müxtəlif ölkələrindən olan Roma mənşəli rejissorlar filmləri vasitəsilə öz icmalarına qarşı formalaşmış stereotipləri dəyişdirməyə çalışırlar. İspaniyanın Sevilya şəhərində keçirilən Avropa Film Festivalında bu mövzuya həsr olunmuş yeddi film nümayiş etdirilir.
Bugun.tv xəbər verir ki, bu barədə “The Guardian” nəşri noyabrın 10-da məlumat yayıb.
“Raising Romani Gaze” adlanan xüsusi proqram çərçivəsində təqdim olunan filmlər Roma icmalarının həyatını onların öz baxış bucağından göstərməyi hədəfləyir. Layihənin əsas məqsədi uzun illər kino və televiziya ekranlarında bu icmaların üzvlərinin yalnız müəyyən stereotip obrazlarda təqdim olunmasına qarşı çıxmaqdır.
Proqramda müxtəlif mövzulara toxunan ekran əsərləri yer alıb. Filmlərdən biri Almaniyada doğulmuş, lakin sonradan Kosovoya deportasiya edilmiş gəncin həyatından bəhs edir. Digər ekran əsərlərində iş yerlərində ayrı-seçkilik, mənsubiyyətini gizlətmək məcburiyyəti və Roma icmasında fərqli sosial təcrübələr əks olunur.
Proqramın kuratorlarından biri olan macar rejissor Katalin Barşoni bildirib ki, bu təşəbbüs təxminən 10 il ərzində hazırlanıb. Onun sözlərinə görə, Roma mənşəli sənətçilərin öz hekayələrini danışması və mədəniyyətlərini öz baxışlarından təqdim etməsi xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, “Raising Romani Gaze” proqramı Sevilya Avropa Film Festivalı çərçivəsində noyabrın 10-dan 14-dək davam edəcək.
Mənbə: The Guardian
