Bugun.tv xəbər verir ki, Rusiyanın Ukraynadakı müharibənin başa çatdırılması ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən qeyri-rəsmi danışıqlarda Avropanın təhlükəsizlik arxitekturasına dair geniş tələblər irəli sürdüyü iddia olunur.
TRT Haber-in Almaniyanın “Bild” nəşrinə istinadən yaydığı məlumata görə, Moskvanın təklifləri arasında Finlandiyanın NATO üzvlüyündən çıxması, Estoniya, Latviya və Litvada NATO hərbi bazalarının yaradılmasının qadağan edilməsi də yer alıb.
İddialara əsasən, Rusiya Ukraynanın hərbi bloklara qoşulmamasını, neytral status qəbul etməsini və işğal altında olan ərazilərin Moskvanın nəzarətində qalmasını istəyir. Təklifdə Donbasın tamamilə Rusiyanın nəzarətinə keçməsi, Odessa və Nikolayev limanlarının hərbsizləşdirilməsi də nəzərdə tutulur.
Məlumatda bildirilir ki, Rusiya bu tələblərin qarşılığında Belarusda yerləşdirdiyi nüvə silahlarını geri çəkməyi və Dnestryanı bölgədən qoşunlarını çıxarmağı təklif edə bilər.
Qeyd edək ki, bunlar “Bild” nəşrinin yaydığı qeyri-rəsmi təkliflər barədə məlumatlardır. Tələblərin Rusiya tərəfindən rəsmi şəkildə təsdiqləndiyi bildirilməyib.
Mənbə: TrtHaber
