Rusiya və Ukrayna arasında qarşılıqlı hücumlar davam edir.
Bugun.tv xəbər verir ki, Rusiyanın Ukraynanın Odessa vilayətinə endirdiyi raket zərbələri nəticəsində ölən və yaralananlar var, eyni zamanda Ukrayna Moskvaya və ətraf bölgələrə yüzlərlə pilotsuz uçuş aparatı ilə genişmiqyaslı hücum həyata keçirib.
Ukrayna rəsmilərinin məlumatına görə, Odessa yaxınlığında taxıl daşıyan “Golden Leo” yük gəmisinə endirilən raket zərbəsi nəticəsində 10 nəfər həlak olub. Bundan əlavə, Odessa şəhərində başqa bir raket hücumu zamanı 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Hücumların liman infrastrukturu və Qara dənizdə yükdaşımalar üçün ciddi təhlükə yaratdığı bildirilir.
Eyni gecə Ukrayna Rusiyanın paytaxtı Moskva və ətraf vilayətlərə təxminən 400 pilotsuz uçuş aparatı göndərib. Rusiya rəsmilərinin açıqlamasına görə, hava hücumundan müdafiə sistemləri onların böyük hissəsini zərərsizləşdirib. Buna baxmayaraq, Moskva vilayətində yaşayış binaları və sənaye obyektlərinə ziyan dəyib, 10 nəfər yaralanıb. Ukrayna Prezidenti Volodimir Zelenski hücumların əsas hədəfinin logistika mərkəzləri və neft bazaları olduğunu bildirib.
Mütəxəssislər hesab edirlər ki, son hadisələr Qara dəniz regionunda təhlükəsizlik risklərini artırmaqla yanaşı, tərəflər arasında hərbi qarşıdurmanın yaxın müddətdə səngiyəcəyinə dair ümidləri də azaldır.
Mənbə: The Guardian

