Baş xəbərSosial

“Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbir keçirilib

Bugun.tv xəbər verir ki, Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı “İnklüziv şəhərlər alyansı” layihəsi çərçivəsində “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbir keçirib.

Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində, bu gün A zonasında yerləşən AZ NGO:039 pavilyonunda təşkil olunan tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “İnklüziv şəhərlər alyansı” layihəsinin fəaliyyət planına uyğun olaraq baş tutub.

Tədbirdə Milli Məclisin, müxtəlif dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. Eyni zamanda beynəlxalq və xarici təşkilatların təmsilçiləri də tədbirə qatılıblar.

Tədbiri giriş sözü ilə açan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli iştirakçıları salamlayıb. O, layihənin məqsədləri və tədbirin əhəmiyyəti barədə ətraflı məlumat verib.

Çıxış edən Milli Məclisin deputatı Pərvanə Vəliyeva, BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Dünya Şəhərsalma Forumunun əhəmiyyətini vurğulayıblar. Onlar inklüzivliyin təşviqi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında əməkdaşlığın gücləndirilməsi və əlçatan şəhər mühitinin formalaşdırılması məsələlərinə diqqət çəkiblər.

Tədbir “Universal dizayn və inklüzivlik: WUF çərçivəsində müyəssərlik, əlilliyi olan şəxslərin və onların təşkilatlarının iştirakı, beynəlxalq əməkdaşlıq perspektivləri” mövzusunda panel müzakirələri ilə davam edib.

Panel sessiyasında Cibutinin Milli Əlilliyi olan Şəxslər Agentliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Abdillahi Ali, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma və Ərazilərin İnkişafı şöbəsinin müdir müavini Şahnaz Bədəlova çıxış ediblər.

Bununla yanaşı, İordaniya Senatının üzvü və “I am Human” Əlilliyi olan Şəxslərin Hüquqları Cəmiyyətinin sədri Asia Abdel Yaghi, Tacikistan Əlilliyi olan Şəxslər Milli Komitəsinin rəhbəri Asadullo Zikrikhudoev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Risk Təhsili və Mina Qurbanları ilə İş şöbəsinin müdiri Ramil Əzizov da paneldə iştirak ediblər.

Həmçinin videoformatda UNESCO Sülh Namizədi, Earth Savers DREAMS Ansamblının direktoru və Filippin Təhsil Teatrları Assosiasiyasının (PETA) təsisçisi Cecile Guidote-Alvarez çıxış edib.

Panel iştirakçıları inklüziv şəhərsalmanın aktuallığını vurğulayıblar. Onlar əlilliyi olan şəxslər üçün müyəssər və təhlükəsiz mühitin yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və universal dizayn prinsiplərinin tətbiqinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqının müyəssərlik sahəsində həyata keçirdiyi fəaliyyətləri əks etdirən materiallar nümayiş olunub. Eyni zamanda əlilliyi olan şəxslərin rəsm əsərlərindən ibarət sərgi də iştirakçılara təqdim edilib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Ceyhun Məmmədov: WUF13 Azərbaycanın qlobal şəhərsalma və inkişaf platformasına çevrildiyini təsdiqləyir

Aynur Camal

Alimlər ipəkdən 6G rabitəsi üçün yeni material hazırlayıblar

Aynur Camal

Vüqar Bayramov: WUF13 forumu Azərbaycanın qlobal mövqeyini daha da gücləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu