Baş xəbər

Ceyhun Məmmədov: WUF13 Azərbaycanın qlobal şəhərsalma və inkişaf platformasına çevrildiyini təsdiqləyir

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov öz sosial media hesabında Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı paylaşım edib.

Deputat bildirib ki, mayın 18-də Bakıda WUF13-ün açılış mərasimi təntənəli şəkildə keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Ceyhun Məmmədov qeyd edib ki, belə nüfuzlu forumun Azərbaycanda keçirilməsi dərin məna daşıyır. Onun sözlərinə görə, son illərdə ölkəmizin beynəlxalq arenada qazandığı nüfuz, həyata keçirilən genişmiqyaslı quruculuq layihələri və şəhərsalma sahəsində tətbiq olunan müasir yanaşmalar Azərbaycanın artıq qlobal miqyasda etibarlı tərəfdaş və əməkdaşlıq mərkəzi kimi tanındığını göstərir.

Deputat vurğulayıb ki, urbanizasiya, iqlim dəyişiklikləri, əhali artımı və miqrasiya axınları kimi qlobal çağırışlar şəhər inkişafına yeni yanaşmalar tələb edir. Bu baxımdan WUF13 kimi beynəlxalq platformaların əhəmiyyəti daha da artır.

Paylaşımda qeyd olunub ki, forumda yalnız tikinti və infrastruktur məsələləri deyil, insanların yaşam keyfiyyəti, sosial rifah, ekoloji sabitlik və davamlı inkişaf kimi vacib mövzular müzakirə olunur.

Ceyhun Məmmədov Prezident İlham Əliyevin açılış mərasimindəki çıxışına da toxunub.

O bildirib ki, dövlət başçısı Azərbaycanın zəngin tarixi-mədəni irsindən, qədim memarlıq nümunələrinin qorunmasından və şəhərsalma ənənələrindən bəhs edib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə xüsusi diqqət çəkib. Bildirilib ki, dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, tarixi və dini abidələr bərpa olunur.

Ceyhun Məmmədov vurğulayıb ki, azad edilmiş ərazilərdə qısa müddətdə yolların, hava limanlarının, yaşayış məntəqələrinin və sosial infrastrukturun qurulması Azərbaycan dövlətinin gücünü və siyasi iradəsini nümayiş etdirir.

Deputat əlavə edib ki, forum çərçivəsində davamlı şəhərsalma, sosial inklüzivlik, iqlim çağırışları, rəqəmsal transformasiya və gələcəyin şəhərləri mövzularında aparılan müzakirələr Azərbaycanın beynəlxalq dialoqda fəal iştirakçı olduğunu bir daha təsdiqləyir.

O qeyd edib ki, COP29-dan sonra WUF13 kimi mötəbər beynəlxalq tədbirin də Bakıda keçirilməsi beynəlxalq birliyin Azərbaycana olan inamının göstəricisidir.

Ceyhun Məmmədov sonda bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionda sabitlik, təhlükəsizlik və inkişaf məkanı kimi qəbul olunur. Deputatın fikrincə, WUF13 forumu Azərbaycanın gələcəyə hesablanmış strateji düşüncəyə malik dövlət olduğunu bir daha nümayiş etdirib.

Aynur Camal

Oxşar xəbərlər

“Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbir keçirilib

Elnarə Dərziyeva

Alimlər ipəkdən 6G rabitəsi üçün yeni material hazırlayıblar

Aynur Camal

Vüqar Bayramov: WUF13 forumu Azərbaycanın qlobal mövqeyini daha da gücləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu