Azərbaycanlı gənc aktyor və bloger Şahin Cavadov, beynəlxalq səviyyəli yeni serial layihəsi “ÖTEKİ YÜZ”-də baş rola təsdiqlənib. Azərbaycan və Türkiyənin ortaq istehsalı olan bu irimiqyaslı ekran işi artıq çəkilişlərə start verib və media gündəminə çevrilib.
Serialın prodüserliyini Çoban Yıldızı Film Akademiyasının rəhbəri, nüfuzlu kino xadimi Yalçın Çoban həyata keçirir. Layihəyə xüsusi nüfuz qazandıran digər məqam isə rejissor kürsüsündə MosFilm rejissoru Tehran Osmanovun yer almasıdır. Tanınmış rejissor serialın texniki keyfiyyəti və vizual dili ilə seçiləcəyini bildirib.
Qeyd edək ki, Şahin Cavadov daha əvvəl “Beyaz İmperatorluğ”, “Lənətli Kitab” və “Heykəl” kimi filmlərdə əsas obrazları canlandıraraq tamaşaçılar tərəfindən maraqla izlənilən çıxışlar nümayiş etdirib. Onun performansı yalnız kino aləmində deyil, həm də sosial mediada ciddi rezonans doğurub.
Bundan əlavə, 2022-ci ildə Türkiyədə keçirilən və Oksana xanımın təşkilatçılığı ilə baş tutan nüfuzlu tədbirdə Azərbaycanın örnək videoblogeri seçilərək beynəlxalq arenada uğur qazanıb.
“ÖTEKİ YÜZ” yalnız Şahin Cavadovun deyil, eyni zamanda Azərbaycan və Türkiyənin məşhur simalarının bir araya gəldiyi möhtəşəm bir ortaq platforma olacaq. Serialda hər iki ölkədən tanınmış aktyorlar, sənət adamları və sənaye peşəkarları yer alacaq. Gərgin süjet xətti, dramatik dönüş nöqtələri və psixoloji qatları ilə seçilən layihənin tamaşaçılar tərəfindən böyük maraqla qarşılanacağı gözlənilir.
Baş rol ifaçısı Şahin Cavadov açıqlamasında bildirib:
“Çəkilişlər artıq başlayıb. Bu serialda olmaq həm şərəf, həm də böyük məsuliyyətdir. Yaxın günlərdə ilk tanıtımı yayımlanacaq və izləyiciləri ciddi sürprizlər gözləyir.”
Serialın ilk təqdimat materialları və fraqmentləri yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq. “ÖTEKİ YÜZ” – sadəcə bir serial deyil, Azərbaycan-Türkiyə kino əməkdaşlığının yeni nəfəsi olacaq.