20 C
Baku
24 İyun 2025, 8:50
Baş xəbərSiyasət

Şanlı Müstəqillik Günü – 28 May

Müstəqillik Günü və ya köhnə adı ilə Respublika Günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. Həmin ildən artıq 107 il ötüb.

Bugun.tv – xəbər verir ki, 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü kimi elan edilib.

Qeyd edək ki, 1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində çar devrildi. Bununla da Rusiyada monarxiyaya son qoyuldu. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoydu.

“Bir daha yüksələn Bayraq bir daha enməz” şüarı ilə qurulan Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə Etdi.

İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.

Azərbaycan Demokratik Respublikasını rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olmuşdur. Həmin tarixi hadisə 4 iyun 1918-ci ildə baş vermişdir.

1918-ci il 9 noyabr tarixində Məhəmməd Əmin Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdi. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdə idi.

Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi.

Azərbaycan dövlət müstəqilliyini təxminən 70 il sonra – 1991-ci ildə bərpa edə bildi. Lakin əsl müstəqilliyimiz 1993-cü ildə xalqımız Ulu Öndər Heydər Əliyevi hakimiyyətə dəvət edəndən sonra başladı.

Azərbaycan dövləti özünü Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etdi.

Ümummilli Lider xilaskarlıq missiyasını üzərinə götürərək respublikanı çətin sınaqlardan uğurla çıxardı, dövlət müstəqilliyini qorudu və möhkəmləndirdi. İndi çoxəsrlik tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan İkinci Qarabağ müharibəsində şanlı Qələbə qazanaraq xəyalları reallığa çevirdi, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi.

Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində dövlət Bayrağımızı ucaltması tariximizə daha bir unudulmaz hadisə kimi yazıldı. Hazırda isə azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı müvəffəqiyyətlə icra olunur.

Bu gün müasir Azərbaycan 107 il əvvəl Xalq Cümhuriyyəti qurucularının arzuladığı güclü, dünyada sayılıb-seçilən dövlətdir.

Müasir Azərbaycan dövləti hərtərəfli və dinamik inkişaf yolundadır. İqtisadiyyatdan tutmuş ordu quruculuğuna, təhsildən tutmuş beynəlxalq nüfuza qədər bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamız regionun aparıcı dövləti olmaqla yanaşı, beynəlxalq miqyasda da söz və nüfuz sahibinə çevrilib. Azərbaycan bu gün öz milli maraqlarını əsas tutaraq, müstəqil və prinsipial siyasət yürüdən nadir ölkələrdən biridir.

Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs sayəsində Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter almış, sarsılmaz ideoloji-siyasi təməllər üzərində qurulmuşdur. Bu siyasət nəticəsində Azərbaycan yalnız regional deyil, həm də qlobal səviyyədə etibarlı tərəfdaş, sülh və əməkdaşlıq təşəbbüslərinin fəal iştirakçısı kimi tanınır.

28 May – Müstəqillik Günü Azərbaycan xalqı üçün sadəcə təqvimdəki bir tarix deyil, milli qürurun, dövlətçilik şüurunun və müstəqil yaşamaq haqqının simvoludur. Bu gün xalqımız 28 May – Müstəqillik Gününü böyük sevinc, xüsusi əhvali-ruhiyyə və sonsuz fəxarətlə qeyd edir. Üçrəngli Bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır.

Müstəqil Azərbaycan hər birimizin qürur mənbəyidir. Müstəqillik ən böyük dəyərimiz və sərvətimizdir. Xalqımız qanı-canı bahasına əldə etdiyi bu sərvəti əzmlə qoruyur və qoruyacaq.

Mənbə: Wikipedia

Aynur Camal

Oxşar xəbərlər

5 otaqlı evdə yanğın oldu

Aynur Camal

Qida əlavələri barədə təlim olacaq

Aynur Camal

Prezident İlham Əliyev Sergey Lavrovu qəbul edib

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu