Digər

Sığorta bazarında nə baş verir?-AÇIQLAMA+ÖZƏL

Son dövrlərdə sığorta sektorunda müəyyən narahatlıqlar və şikayətlərin artmasına səbəb olan proseslər gedir. Sığorta bazarında nə baş verir?

Mövzu ilə bağlı sığorta agenti Şahin İsmayılovun Bugun.tv-yə özəl müsahibəsini təqdim edirik.

“Ümumiyyətlə, sığorta sektorunda mövcud problemlərin kökü il yarım, iki il əvvələ gedir. Və bu problemlərin vaxtında həllini tapmaması, sonda bu günkü vəziyyətin ortaya çıxmasına səbəb oldu.
Məlumdur ki, sığorta məhsullarının satışından əldə edilən gəlir, sığorta şirkətlərinin hesabına yığılır. Bu vəsait agentlərin komissiya muzduna, zərərlərin tənzimlənməsinə, həmçinin şirkətlərin daxili xərclərinə və gəlirə sərf olunur.
Son dövrlərdə baş verən qəza hadisələrinin sayının artması, sığorta haqlarının məbləğinin aşağı olması və təmir xərclərinin qiymətinin artması sığorta şirkətlərini çətin duruma salıb. Nəticədə zərərlərin tənzimlənməsində böyük problemlər yaşanır. Müştərilər incidilir, zərərlərin qiymətləndirilməsində mübahisələr yaranır. Vətəndaş məmnunluğu arxa plana keçir. Hadisələrin sayının artmasında isə kiçik mühərrik həcmli və taksi fəaliyyəti ilə məşğul olan avtomobillər böyük paya sahibdir. Bu avtomobillərin sığorta haqqı 25 -30 manat təşkil etdiyi halda, sığorta şirkətlərinə vurduqları ziyan 10 – 15 min manat, bəzi hallarda isə daha çox məbləğ təşkil edir”.

Ş. İsmayılov bildirir ki, belə vəziyyətin yaranması sığorta şirkətlərini aqressiv addımlar atmağa sövq etdi və nəticədə şirkətlər üçün arzuolunmaz avtomobillərin siyahısı ortaya çıxdı. Sığorta şirkətləri mühərrik həcmi 1500 kub/sm olan avtomobillərin icbari sığortası üçün sığorta agentlərinə komissiya verilməyəcəyini bildirərək, onları bu avtomobilləri icbari sığortalamaqdan uzaqlaşdırdılar. Bu hal isə sürücülər üçün böyük problemə çevirildi. İcbari sığortası bitmiş sürücülər sığorta şirkətlərinin qarşısında böyük növbələr yaratdılar.
Bununla kifayətlənməyən sığorta şirkətləri qadağa siyahısına sonradan mühərrik həcmi 2000 kub/sm, daha sonra 2500 kub/sm və sonda isə 3000 kub/ sm-ə qədər avtomobilləri də əlavə etdilər. Sığorta şirkətlərinin online sistemlərinə giriş məhdudlaşdırıldı və vətəndaşın avtomobilinə icbari sığorta alması müşkülə çevrildi.
Mərkəzi Bankın müdaxiləsindən sonra sığorta şirkətləri müəyyən vaxt üçün online sistemlərini işə salsalar da, bir müddət sonra bu problemlər yenidən yaşanmağa başladı.

“Onu da qeyd edim ki, bazarda yaranmış gərginliyi aradan qaldırmaq üçün Mərkəzi Bank iki mühüm dəyişikliyə qərar verdi. Bu, sığorta haqlarının yeni qaydalarla hesablanması və zərərlərin birbaşa tənzimlənməsi qaydası oldu. Qeyd edim ki, bu qaydaların tətbiqi sığorta şirkətlərinin yığımını 25-35% artırdı. Bundan sonra sığorta şirkətlərinin işində bir stabillik yaranacağına ümid edirdik. Təəssüf ki, gözləntilərimizin əksi baş verdi”, – Ş. İsmayılov qeyd etdi.

Sığorta agenti deyir ki, son günlərdə yayılan qeyri-rəsmi söhbətlərə görə, 1 aprel 2023 il tarixindən etibarən sığorta şirkətləri agentlərə ödəməki olduqları komission muzdları bütün seqmentlər üzrə sıfırlayacaqlar. Bu barədə müəyyən şirkətlərdən öz agentlərinə artıq məlumat daxil olub. Yəqin ki, digər şirkətlər də aprelin 1-nə  kimi öz agentlərini bu barədə məlumatlandıracaqlar.

Nəticə nə olacaq?
“Bu qərar həyata keçirilərsə, on illərlə sığorta agenti kimi fəaliyyət göstərən minə yaxın vətəndaşımız öz iş və qazanc yerlərini itirəcəklər. Hər bir sığorta agenti vergi ödəyicisidir. Sosial ödənişləri və icbari tibbi sığorta ödənişləri edir. Bir növ öz kiçik bizneslərini qurublar və karyeralarını bu iş üzərinə fokuslayıblar.
Belə qərarın həyata keçirilməsi sığorta agentlərinin ciddi narahatçılığına və etirazlarına səbəb olub.

Bunu qeyd edim ki, bu günə qədər 541 fiziki şəxs və 72 hüquqi şəxs məhz, sığorta vasitəçiliyi fəaliyyəti ilə məşğuldur. Bundan əlavə, yüzlərlə vətəndaşımız agentlər tərəfindən bu işə cəlb olunub. Nəticə mindən artıq insanımızın işsizlər statusu almasına gətirib çıxara bilər.
Sığorta agentləri qruplaşaraq, yaranmış vəziyyətə ciddi etiraz edirlər.
Bu günə kimi agentlər arasından seçilmiş nümayəndə heyyəti İcbari Sığorta Bürosu, Azərbaycan Sığortaçılar Assosiasiyası rəhbərliyi ilə, həmçinin Mərkəzi Bankın Sığorta fəaliyyətinə nəzarət Departamentinin direktoru Vüsal Qurbanov cənabları ilə görüşü olub. Bu görüşlərdə yaranmış problem, sığorta agentlərini narahat edən məsələlər rəhbərliyin diqqətinə çatdırılıb və bu ətrafda müzakirələr aparılıb.
Bütün görüşlərdə məsul şəxslər etiraf ediblər ki, Azərbaycan sığorta bazarında sığorta agentlərinin rolu əvəzedilməzdir.
Biz də öz növbəmizdə bu problemin tezliklə həll olunacağına ümid edirik”, – sığorta agenti vurğuladı.

Nigar Məmmədova

Oxşar xəbərlər

Əməkdar jurnalist: “Sözün bitdiyi yerdəyik”

Şükufə Ramizqızı

BSU-da mediatur keçirilib-FOTOLAR

Nigar Məmmədova

Prezident İlham Əliyev yeni sərəncam imzaladı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu