Bugun.tv xəbər verir ki, siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini Məhəmməd Əsədullazadə Ermənistan hökumətinin ABŞ ilə imzalanmış TRİPP layihəsi üzrə strateji çərçivə sazişini təsdiqləməsini Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm addım kimi qiymətləndirib.
Ekspert bildirib ki, Ermənistan hökumətinin təsdiq etdiyi sənəd Konstitusiya Məhkəməsinin müsbət rəyindən sonra parlamentə təqdim ediləcək və yekun təsdiqdən keçəcəyi gözlənilir. Onun sözlərinə görə, bununla da TRİPP layihəsi çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı razılaşma rəsmi Yerevan tərəfindən hüquqi müstəviyə keçirilmiş olacaq.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya və İran bu marşrutun həyata keçirilməsinə qarşı çıxır. O vurğulayıb ki, Rusiyanın bölgədə sərhəd qüvvələrinin yerləşməsi, eləcə də İranla sərhədin mövcudluğu marşrut boyunca müxtəlif təxribat cəhdləri riskini artırsa da, hazırkı geosiyasi vəziyyət bu ölkələrin layihəyə ciddi strateji maneə yaratmaq imkanlarını məhdudlaşdırır.
Siyasi ekspertin fikrincə, Rusiya və İran Cənubi Qafqazda ABŞ-ın iqtisadi maraqlarının güclənməsinə dözümlü yanaşmayacaq və müxtəlif təzyiq vasitələrindən istifadə edə bilər. Bununla belə, o hesab edir ki, İranın son hadisələr fonunda hərbi və iqtisadi imkanlarının zəifləməsi, Rusiyanın isə Ukrayna müharibəsində resurslarını cəmləməsi səbəbindən hər iki ölkənin TRİPP marşrutuna qarşı uzunmüddətli strateji təhdid yaratması real görünmür.

