Bugun.tv xəbər verir ki, dünyanın aparıcı smartfon istehsalçıları gələcəkdə bütün telefonların eyni sürətlə simsiz enerji doldurulmasını təmin edəcək yeni Qi 50W standartının hazırlanması üzrə razılığa gəlib.
Wireless Power Consortium (WPC) rəhbərliyi altında Apple, Google, Xiaomi, Huawei, OPPO və vivo şirkətləri hazırda istifadə olunan Qi2 25W texnologiyasını əvəz edəcək yeni nəsil simsiz şarj standartını hazırlayır.
Məlumata görə, şirkətlərin son texniki görüşündə yeni yüksək sürətli texnologiyanın aparat dizaynı üzrə əsas parametrlər yekunlaşdırılıb.
Yeni standartın hazırlanmasında Xiaomi tərəfindən hazırlanmış aşağı induktivlikli və aşağı gərginlikli yüksək güclü simsiz şarj arxitekturasından istifadə ediləcək. Bu texnologiya enerji itkilərini azaltmaqla yanaşı, doldurma səmərəliliyi, təhlükəsizlik və istilik idarəetməsi arasında daha optimal balans yaradacaq.
Yeni Qi 50W standartı istehsalçıların yalnız öz markalarına məxsus yüksək sürətli şarj sistemlərindən istifadə məhdudiyyətini aradan qaldıracaq. Bununla da fərqli markalara məxsus smartfonlar və üçüncü tərəf aksesuarları vahid yüksək sürətli simsiz şarj texnologiyasından yararlana biləcək.
Hazırkı plana əsasən, Qi 50W simsiz şarj standartının 2028-ci ildə rəsmi şəkildə istifadəyə verilməsi nəzərdə tutulur.

Mənbə: EnSonHaber
