Bəzən telefonumuza hər hansısa keçidlər (link) gəlir. Biz də bu keçiddən istifadə etdiyimiz zaman yad virusları qəbul etmiş oluruq. Smartfonun virusa yoluxması bəzən gizli şəkildə baş verir. Mütəxəssislərin fikrincə, çox vaxt cib telefonu fon rejimində sındırılır. Ona görə də müdaxilə faktı cihazın sahibinin nəzərindən yayınır. Ümumiyyətlə, cihazımıza virus yoluxanda onu necə aradan qaldıra bilərik?
Ekspertlər bildirirlər ki, mobil cihazda zərərli proqramların quraşdırıldığını göstərə biləcək bəzi əlamətlər var. Bunlardan birincisi cihazın iş gücünün azalmasıdır. Həmçinin, cihazın batareyası adi haldan daha tez tükənir.
Mövzu ilə bağlı texnobloger Valid Fərmanoğlu Bugun.tv-yə açıqlamasında bildirdi ki, virus da bir fayldır. Sadəcə ziyanverici xüsusiyyətə malik fayldır. Yəni o hansısa məlumatları oğurlaya və ya harasa göndərə bilər. Eyni zamanda, sistemi zəiflədir. Belə hallarda smartfonunun ekranında tanış olmayan proqramlar meydana çıxır. Bəzən internet brazuer açıq olmadığı halda, internetdən hər hansısa bildirişlər gəlir. Və yaxud, təklif gəlir ki, bura daxil ol.
Daha bir əlamət isə brauzerdə sistem tərəfindən bloklanan pəncərələrin meydana çıxmasıdır. Bu isə, daha çox android telefonlarda baş verir.
Texnobloger deyir ki, smartfon istifadəçisi tanımadığı keçidə daxil olmamalı və təklifi rədd etməlidir. Əks halda, telefonun iş qabiliyyəti və yaddaşı zəifləyir. Bəzən isə, sistem tamamilə çökür.
Mütəxəssislər bunun qarşısını almaq üçün smartfona antivirus yükləməyi tövsiyə edirlər.