“SpaceX” şirkətinin “Starship” kosmik gəmisinin yuxarı pilləsi orbitə uçuşundan sonra Yerə qayıdaraq xüsusi mexaniki qollar vasitəsilə havada tutulub. Bu hadisə tamamilə təkrar istifadə edilə bilən raket sisteminin yaradılması istiqamətində mühüm texnoloji nailiyyət hesab olunur.
Bugun.tv xəbər verir ki, bu barədə “Reuters” və “Phys.org” nəşrləri məlumat yayıb.
Məlumata görə, noyabrın 13-də Texas ştatındakı “Starbase” kosmodromundan buraxılan “Starship” təxminən 22,5 saat davam edən uçuş zamanı Yer ətrafında 14 dövrə vurub. Gəmi orbitdə olarkən “Starlink” şəbəkəsi üçün 26 peyk də buraxıb.
Noyabrın 14-də Yerə qayıdan 52 metr hündürlüyündəki kosmik aparat buraxılış qülləsində yerləşən nəhəng mexaniki qolların arasına dəqiq şəkildə enərək tutulub. “Mechazilla” adlandırılan bu sistem indiyədək “Super Heavy” daşıyıcı raketlərinin tutulması üçün istifadə edilsə də, orbitdən qayıdan “Starship”in yuxarı pilləsinin ilk dəfə bu üsulla tutulması baş verib.
Bununla belə, sınaq uçuşunda raketin aşağı pilləsi olan “Super Heavy”ni tutmaq mümkün olmayıb. Texniki problem səbəbindən onun geri dönüş planı dəyişdirilib.
Bu uğur “SpaceX”in raketlərin təkrar istifadəsi, kosmik uçuşların maya dəyərinin azaldılması, Ay və gələcəkdə Mars missiyaları istiqamətində planları üçün mühüm mərhələdir.
Mənbə: Reuters
