Baş xəbər

Süni torpaq sahələrinin yaradılması haqqında qanun tətbiq edildi

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı: 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində, 4.5-ci maddəsinin birinci, dördüncü və beşinci cümlələrində, 4.6-cı maddəsinin birinci abzasında, 4.6.2-ci maddəsinin birinci cümləsində, 4.6.3-cü, 4.6.4-cü, 4.8-ci (hər iki halda), 5.1-ci, 5.2-ci, 6.3-cü maddələrində, 7.4-cü maddəsinin birinci və ikinci (hər iki halda) cümlələrində, 8.4.1-ci maddəsinin ikinci cümləsində, 8.5-ci maddəsinin birinci cümləsində və 9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 4.8-ci (ikinci halda), 5.1-ci, 5.2-ci, 6.3-cü və 9-cu maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 4.1-ci maddəsində, 4.5-ci maddəsinin birinci, dördüncü və beşinci cümlələrində, 4.6-cı maddəsinin birinci abzasında və 4.8-ci maddəsində birinci halda “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzərdə tutulur;

1.4. həmin Qanunun 4.6.2-ci maddəsinin birinci cümləsində, 7.4-cü maddəsinin ikinci (ikinci halda) cümləsində, 8.4.1-ci maddəsinin ikinci cümləsində və 8.5-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Qanunun 4.6.3-cü maddəsində, 7.4-cü maddəsinin birinci və ikinci (birinci halda) cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

1.6. həmin Qanunun 4.6.4-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. həmin Qanunun 9-cu maddəsinə uyğun olaraq, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləğini bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 iyun 2024-cü il

Mənbə: prezident.az

Bugün TV

Oxşar xəbərlər

“Blue Carbon” sərgisində rif balıqlarının unikal mahnıları təqdim olundu

Teymur Əziz

Türkiyədə gün ərzində ikinci zəlzələ oldu

Aynur Camal

Bu şəhərdə 4,3 bal gücündə zəlzələ oldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu