Bugun.tv xəbər verir ki, İsveçin Goteborg şəhərində sınaq məqsədilə istifadəyə verilən sürücüsüz avtobus ilk sərnişinli səfəri zamanı tramvayla toqquşub.
Məlumata görə, Vasttrafik adlı yerli ictimai nəqliyyat şirkətinin sözçüsü Patrik Chi hadisə barədə açıqlama verərək bildirib ki, sürücüsüz avtobus hərəkət zamanı qəfil əyləcdə dayanıb və arxadan gələn tramvay ona çırpılıb.
Açıqlamada qeyd olunur ki, hadisə zamanı heç bir can itkisi və ya yaralanma baş verməyib.
Sözügedən avtobus mart ayının sonlarından etibarən Goteborg mərkəzində test sürüşlərinə cəlb olunmuşdu və ilk dəfə sərnişin daşıyırdı. Təhlükəsizlik məqsədilə nəqliyyat vasitəsində ehtiyat sürücü də mövcud olub.
İsveç Nəqliyyat Agentliyi tərəfindən verilən icazəyə əsasən, bu tip sınaq səfərləri 31 iyul 2027-ci ilə qədər davam edə bilər.
Hadisədən sonra avtobus müvəqqəti olaraq istismardan çıxarılıb və texniki yoxlamaya göndərilib.
Mənbə: İLKHA
