Bugun.tv xəbər verir ki, İngiltərənin Lestershire bölgəsində yerləşən Tropical Birdland təbii həyat parkında torpaq altında qalan bir neçə mirket tunelin çökməsi nəticəsində tələf olub.
Park rəhbərliyinin sosial şəbəkələrdə yaydığı açıqlamaya görə, qrupun lideri “Big Mama” adlı mirket gözlənilən balaları üçün digər mirketlərlə birlikdə yerin altında tunellər və yeni bir yuva otağı qazırdı. Bildirilib ki, mirketlər tunel qazmaq qabiliyyəti ilə tanınırlar.
Uzun müddət davam edən isti havadan sonra bölgəyə qəfil güclü yağış yağıb. Yağış nəticəsində torpağın strukturu zəifləyib və yeraltı tunellərdən biri çöküb.
Park əməkdaşları torpağın altında qalan heyvanların yerini müəyyənləşdirə biliblər. Xilasetmə işləri zamanı yalnız bir mirket sağ çıxarılıb. Digər heyvanların isə tələf olduğu müəyyən edilib.
Park rəhbərliyi sağ qalan mirketin vəziyyətinin nəzarətdə saxlanıldığını və onun xüsusi müşahidə altında olduğunu bildirib.
Hadisəyə güclü yağışın uzunmüddətli isti havadan sonra torpağın vəziyyətinə təsir göstərməsinin səbəb olduğu düşünülür.
Mənbə: TRT Haber
