Fələstin, İsrail ordusunun Qəzzada Fələstin Qızıl Aypara Cəmiyyətində çalışan səkkiz tibb işçisini öldürməsinin “beynəlxalq məsuliyyət tələb edən bir müharibə cinayəti” olduğunu vurğulayıb.
Fələstinin WAFA xəbər agentliyinin verdiyi məlumata görə, Fələstin Xarici İşlər Nazirliyi İsrail ordusunun mühasirədə olan Qəzza zolağında sıxışıb qalan tibb işçilərinə qarşı pis rəftarını, onları öldürməsini və təsadüfi bir çuxurda basdırmasını pisləyib.
Bəyanatda İsrailin Fələstin xalqına qarşı kütləvi qətl, soyqırım, məcburi köç və ilhaq cinayətləri törətdiyi vurğulanıb.
Bəyanatda İsrail ordusunun humanitar yardım işçiləri, beynəlxalq personal və jurnalistlərlə yanaşı, Fələstinli mülki vətəndaşları da hədəfə aldığı qeyd edilərək, bunun Qəzzada fələstinliləri qorxutmaq və yardımların çatmasının qarşısını almaq məqsədi ilə edildiyinə diqqət çəkilib.
İsrail ordusu tərəfindən tibb işçilərinin öldürülməsinin “beynəlxalq məsuliyyət tələb edən müharibə cinayəti” olduğu vurğulanıb.
Bildirilib ki, İsrail fələstinliləri köçə məcbur etmək və Qəzzanı həyata yararsız hala salmaq üçün həyatın bütün elementlərini məhv edib.
Bildirilib ki, İsrailin Fələstin xalqına qarşı törətdiyi soyqırım, köçkünlük və ilhaq cinayətləri beynəlxalq məhkəmələr və səlahiyyətli qurumlar tərəfindən izlənilir.
Fələstin Qızıl Aypara Cəmiyyətinin martın 23-də verdiyi açıqlamada, Rəfahdakı hücumda yaralananları xilas etmək üçün bölgəyə göndərilən 4 təcili yardım maşını və ekipajının İsrail ordusu tərəfindən mühasirəyə alındığı, hücumda bəzi tibb işçilərinin də yaralandığı bildirilib.
Qəzzadakı Mülki Müdafiə Bölməsi də həmin gün Fələstin Qızıl Ayparasından həkimləri xilas etmək üçün çıxan qruplarla əlaqəni kəsib.
Qəzzada Fələstin Səhiyyə Nazirliyinin dünən verdiyi açıqlamada, Rəfahda hədəfə alınan və cansız bədənləri tapılan 14 nəfərdən bəzilərinin əllərinin bağlandığı, başlarına və sinələrinə atəş açıldığı, dərin bir çuxura basdırıldığı bildirilib.
Martın 25-də hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada İsrailin ilk yardım və mülki müdafiə qruplarından 15 nəfəri qaçırdığı bildirilib.
Mənbə: TrtHaber