ABŞ prezidenti Donald Trump İran ətrafında davam edən hərbi gərginliyin mediada işıqlandırılması ilə bağlı CNN və The New York Times-ı tənqid edib.
Oval Ofisdə jurnalistlərə açıqlama verən Tramp bildirib ki, bu media qurumlarının yayımladığı materiallar reallığı əks etdirmir. O, CNN-i “axmaq” adlandırıb, The New York Times qəzetində dərc olunan yazıları isə “üsyankar” kimi qiymətləndirib.
Prezident çıxışında İranla bağlı hərbi əməliyyatların gedişinə də toxunaraq, ABŞ-ın üstün mövqedə olduğunu iddia edib. Onun sözlərinə görə, bəzi media orqanları hadisələri fərqli təqdim edərək ictimai rəyə təsir göstərməyə çalışır.
Tramp həmçinin Demokratların onun hərbi səlahiyyətlərini məhdudlaşdırmaq təşəbbüslərini tənqid edib və bu addımların milli təhlükəsizlik baxımından düzgün olmadığını bildirib.
Digər tərəfdən, The New York Times redaksiyasında yayımlanan bəzi materiallarda ABŞ-ın münaqişədə üstünlüyünü itirə biləcəyi və taktiki uğurların strateji nəticələrə çevrilmədiyi ilə bağlı fikirlər yer alıb.
Müşahidəçilər qeyd edirlər ki, İran ətrafında baş verən hadisələr fonunda media və siyasi dairələr arasında fikir ayrılıqları daha da kəskinləşir.
Mənbə: AnadoluAgentliyi
