ABŞ Prezidenti Donald Tramp NATO sammiti ərəfəsində Vaşinqtonun alyansa göstərdiyi mövcud dəstəyi “absurd” adlandırıb və ABŞ ilə NATO arasındakı münasibətlərin qarşılıqlı olmadığını bildirib.
Bugun.tv xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Donald Tramp Truth Social sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ-ın NATO qarşısında üzərinə düşən yükün qeyri-mütənasib olduğunu iddia edib.
“Onlar İran müharibəsində bizim yanımızda olmadılar. Münasibətlər qarşılıqlı deyil”, – deyə Tramp bildirib.
ABŞ prezidenti son vaxtlar Avropa müttəfiqlərini İranla bağlı hərbi əməliyyatlar zamanı Vaşinqtona yetərincə dəstək verməməkdə dəfələrlə tənqid edib. O qeyd edib ki, bəzi Avropa ölkələri ABŞ qüvvələrinin öz hərbi bazalarından istifadəsinə məhdudiyyətlər tətbiq ediblər.
Tramp hesab edir ki, Avropa öz müdafiəsinə görə daha çox məsuliyyət daşımalıdır. Onun sözlərinə görə, Vaşinqton artıq bu istiqamətdə üzərinə götürdüyü öhdəliklərin bir hissəsini azaltmağa başlayıb.
Paylaşımında Tramp NATO üzvlərinin müdafiə xərclərini əks etdirən cədvəl də yayımlayıb. Həmin cədvəldə ABŞ-ın alyansa ayırdığı vəsaitin Böyük Britaniya, Fransa və digər üzv ölkələrlə müqayisədə xeyli yüksək olduğu göstərilib.
Qeyd edək ki, Trampın təzyiqlərindən sonra NATO liderləri ötən il keçirilən toplantıda 2035-ci ilə qədər müdafiə xərclərinin ÜDM-in 5 faizi səviyyəsinə çatdırılması barədə razılığa gəliblər.
ABŞ dövlət katibi Marko Rubio da daha əvvəl bildirmişdi ki, Prezident Tramp NATO ölkələrinin Yaxın Şərqdə keçirilən əməliyyatlarda daha fəal iştirak etməməsindən narazıdır. Onun sözlərinə görə, bu məsələ iyulun 7–8-də Türkiyənin Ankara şəhərində keçiriləcək NATO sammitinin əsas müzakirə mövzularından biri olacaq.
1949-cu ildə yaradılan NATO hazırda 32 üzv dövləti birləşdirir və uzun illər Avropanın təhlükəsizliyinin təmin edilməsində əsas hərbi alyans kimi fəaliyyət göstərir.
Mənbə: The Guardian

