ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin 2025-ci ilin avqustundan sonra ilk dəfə üz-üzə gələrək əl sıxıblar. Görüş Çinin Şençjen şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutub.
Bugun.tv xəbər verir ki, ABŞ və Rusiya prezidentlərinin qarşılaşması noyabrın 18-də, sammit iştirakçılarının rəsmi foto çəkilişi və qəbul mərasimi ərəfəsində baş verib. Çin Prezidenti Si Cinpin də həmin vaxt onların yanında olub. Üç lider kameralar qarşısında bir-biri ilə salamlaşıb və qrup fotosu çəkdiriblər.
Bundan əvvəl Si Cinpin ABŞ prezidentini Şençjen şəhərinin Baoan Beynəlxalq Hava Limanında xüsusi mərasimlə qarşılayıb. Trampı qırmızı xalça, hərbi fəxri qarovul, musiqi dəstəsi və onu salamlayan izdiham müşayiət edib.
Üç liderin görüşü noyabrın 19-na planlaşdırılıb
ABŞ, Rusiya və Çin liderlərinin noyabrın 19-da ilk rəsmi üçtərəfli görüşünün keçirilməsi gözlənilir. Müzakirələrdə Ukraynadakı müharibə, İran ətrafındakı münaqişə, nüvə silahlarının yayılmaması, beynəlxalq ticarət gərginliyi və süni intellekt kimi məsələlərin gündəmə gələcəyi bildirilir.
Bu görüşdən dünyanın üç böyük dövlətinin rəhbərləri arasında aparılacaq müzakirələrin beynəlxalq təhlükəsizlik və geosiyasi münasibətlər baxımından əhəmiyyətli nəticələr doğura biləcəyi gözlənilir.
Mənbə: msn.com
