Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazından keçən İran gəmilərinə qarşı blokadanı yenidən tətbiq etməsi və digər yük gəmilərinə də yeni ödəniş şərtləri tətbiq olunacağını açıqlaması dünya neft bazarında qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub.
Məlumata görə, WTI markalı xam neftin bir barelinin qiyməti 79 dolları, Brent markalı neft isə 84 dolları ötüb. Bununla da hər iki etalon üzrə həftəlik qiymət artımı 10 faizi keçib.
Trampın açıqlamasına əsasən, blokada bu gündən qüvvəyə minəcək. ABŞ administrasiyası Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsinə çəkilən xərcləri əsas gətirərək, boğazdan istifadə edən yüklər üçün 20 faiz həcmində ödəniş tələb edəcək. Bu tədbirin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveyt kimi ölkələrdən daşınan yüklərə də şamil ediləcəyi bildirilib.
Qərar Vaşinqton və Tehran arasında yenidən artan gərginlik fonunda qəbul olunub. ABŞ İranın dəniz nəqliyyatına təsir imkanlarını məhdudlaşdırmağa çalışdığı halda, Tehran isə regiondakı ABŞ müttəfiqlərinə qarşı cavab addımları atacağını bəyan edib.
Bundan əlavə, Donald Tramp Rusiya nefti və təbii qazını alan ölkələrə qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini də dəstəkləyəcəyini açıqlayıb.
Mənbə: EnSonHaber

