Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov sosial media hesabında paylaşdığı şərhdə Azərbaycanın beynəlxalq yükdaşımalar sahəsində əldə etdiyi nəticələri və gələcək potensialını dəyərləndirib.
Deputat xatırladıb ki, Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun genişləndirildiyini, Xəzərdə ən böyük dəniz ticarət limanının illik 15 milyon ton gücə malik olduğunu və bu göstəricinin 25 milyon tona çatdırılmasının planlaşdırıldığını bildirib.
Vüqar Bayramovun sözlərinə görə, Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanı regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevirir. O qeyd edib ki, 15 milyon ton ötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin mühüm hissəsinə çevriləcək, ölkənin geosiyasi mövqeyini möhkəmləndirməklə yanaşı, region dövlətlərinin də iqtisadi gəlirlərinə müsbət təsir göstərəcək.
Deputatın paylaşdığı statistikaya əsasən, 2025-ci ildə dəmir yolu ilə daşınan yüklərin 14,3 milyon tonu beynəlxalq yükdaşımaların payına düşüb və bu istiqamətdən 333,9 milyon manat gəlir əldə olunub. Hava nəqliyyatı üzrə beynəlxalq yükdaşımalar isə təxminən 2,4 milyard manat gəlir gətirib. Bundan əlavə, dəniz, boru kəməri və avtomobil nəqliyyatı vasitəsilə də yüz milyonlarla manat gəlir əldə olunub.
Vüqar Bayramov bildirib ki, rəsmi statistikaya görə, ötən il Azərbaycanın beynəlxalq yükdaşımalarından əldə etdiyi ümumi gəlir 3,3 milyard manat təşkil edib. Onun qiymətləndirməsinə görə, dövlət başçısının müəyyənləşdirdiyi strateji hədəflər tam reallaşarsa, bu göstərici gələcəkdə illik təxminən 7 milyard manata yüksələ bilər. Deputat hesab edir ki, bu, iqtisadiyyatın şaxələndirilməsi və dövlət gəlirlərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.


