Bugun.tv xəbər verir ki, Tunisin paytaxtı Tunisdə minlərlə insan ölkə prezidenti Kais Səidin siyasətinə, yaşayış şəraitinin pisləşməsinə və siyasi azadlıqlara qoyulan məhdudiyyətlərə etiraz edib.
Al Jazeera-nın məlumatına görə, oktyabrın 17-də keçirilən aksiyaya Tunis Ümumi Əmək İttifaqı, müxalifət partiyaları və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri qatılıblar. Etirazçılar paytaxtın əsas küçələrindən biri olan Həbib Burqiba prospektində toplaşıblar. Əraziyə çoxsaylı polis əməkdaşları cəlb edilib, ətrafdakı bəzi yollar bağlanıb.
Aksiya iştirakçıları həbsdə olan hökumət tənqidçilərinin azadlığa buraxılmasını, həmkarlar ittifaqlarının fəaliyyətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını və siyasi azadlıqların təmin edilməsini tələb ediblər.
Frans Press agentliyinin məlumatına görə, aksiyada 3 mindən çox insanın iştirak etdiyi bildirilsə də, bu rəqəm müstəqil şəkildə təsdiqlənməyib.
Etirazların əsas səbəblərindən biri ölkədə iqtisadi vəziyyətin pisləşməsidir. Əhalinin artan qiymətlər, işsizlik, alıcılıq qabiliyyətinin azalması, eləcə də su və elektrik təchizatında yaranan problemlərlə bağlı narazılığı artır.
Tunisdə siyasi və iqtisadi narazılıqlar 2011-ci ildəki xalq etirazlarından sonra da tam aradan qalxmayıb. Prezident Kais Səidin hakimiyyətinin səlahiyyətləri genişləndirməsi isə müxalifət və hüquq müdafiəçiləri tərəfindən tənqid olunur.
Mənbə: Al Jazeera
