Bugun.tv xəbər verir ki, 2026-cı ilin yayında Avropada hökm sürən həddindən artıq isti hava 50 mindən çox insanın vaxtından əvvəl ölümünə səbəb olmuş ola bilər. Alimlərin hesablamalarına görə, bu ölümlərin təxminən üçdə ikisi insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi ilə əlaqəlidir.
Anadolu Agentliyinin məlumatına əsasən, London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin alimləri Avropa İttifaqının 27 üzvü, Böyük Britaniya, Norveç və İsveçrə daxil olmaqla 30 ölkədəki 854 şəhər ərazisini araşdırıblar. Bu ərazilərdə həmin ölkələrin ümumi əhalisinin təxminən 40 faizi yaşayır.
Tədqiqatçılar temperatur göstəricilərini və isti hava ilə ölüm halları arasındakı əlaqəni nəzərə alan modellərdən istifadə edərək yay aylarında istilərlə bağlı vaxtından əvvəl ölüm hallarının sayını hesablayıblar. Nəticələrə görə, 2026-cı ilin yayı 2000-ci ildən bəri müşahidə olunan dövrün ən ölümcül yayı olub.
Məlumata görə, ölümlərin təxminən üçdə biri iyunun 17-dən iyulun 1-dək davam edən xüsusilə isti dövrə təsadüf edib. Həmin müddətdə araşdırılan şəhərlərdə gündəlik orta temperatur 1991–2020-ci illərin göstəricisindən 5 dərəcədən çox yüksək olub.
İsti hava xüsusilə Cənubi və Qərbi Avropaya ciddi təsir göstərib. Hesablamalara əsasən, yaşı 65-dən aşağı olan təxminən 6 min insan da yay istisi ilə əlaqəli səbəblərdən həyatını itirib.
Alimlər bildirirlər ki, bu rəqəmlər modelləşdirmə əsasında əldə olunan təxminlərdir və bütün Avropanı əhatə etmir. Bununla belə, nəticələr yüksək temperaturun ictimai sağlamlıq üçün yaratdığı təhlükənin miqyasını göstərir.
Mənbə: Anadolu Agentliyi
