Bugun.tv türk mediasına istinadən xəbər verir ki, polis rəisi Yadigar İşık zəlzələdən zərər çəkənlər üçün göndərilən yardımı mənsimsəməkdə təqsirli bilinir.
Tekirdağ Prokurorluğunun icazəsi ilə onun evinə baxış keçirilib. Axtarış zamanı mənzildən generator, çadır, birləşdirici kabellər, yataq dəsti, səyahət çantası, çəkmə, yağış paltarı, it yemi, elektrik qızdırıcısı aşkar olunaraq maddi sübut kimi götürülüb.
Fakt əsasında Y.İşık cinayət məsuliyyətinə cəlb olunub. Prokurorluqda dindirildikdən sonra toplanan maddi sübutlar həbs tələbi ilə hakimə göndərilib. Ancaq Yadigar İşık məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Prokurorluq onun sərbəst buraxılmasına etiraz edib.
İşə yenidən baxılması üçün onu növbəti məhkəməyə gətiriblər. Bu dəfə Y.İşık hakimin qərarı ilə həbs edilərək istintaq təcridxanasına göndərilib.