Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında Türkiyənin daxili siyasi prosesi və geosiyasi mövqeyi ilə bağlı paylaşım edib.
Ekspert qeyd edib ki, Türkiyədə demokratik ənənələr müəyyən çətinliklərlə üzləşsə də, ölkənin beynəlxalq arenada təsir gücü artmaqda davam edir. Onun fikrincə, Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə regional gücdən qlobal siyasi proseslərə təsir edən aktora çevrilib.
Məhəmməd Əsədullazadə bildirib ki, ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində son illərdə Özgür Özəl, Əkrəm İmamoğlu və Mansur Yavaş kimi fiqurların yüksəlişi müşahidə olunurdu və bu, gələcək seçkilərdə partiyanın şanslarını artırırdı.
Lakin ekspertin sözlərinə görə, hazırkı siyasi proseslər nəticəsində CHP daxilində zəifləmə və parçalanma ehtimalı yaranıb. O, partiyanın gələcək siyasi taleyi ilə bağlı qeyri-müəyyənliklərin artdığını da qeyd edib.
Əsədullazadə vurğulayıb ki, Türkiyə tarixən koalisiya hökumətləri və siyasi böhranlarla üzləşsə də, hazırkı mərhələdə sabit və güclü idarəetmə modeli ölkəni geosiyasi baxımdan daha da gücləndirir.
Ekspert hesab edir ki, Türkiyənin yeni siyasi nizamda sabitlik üzərindən inkişafı onun beynəlxalq güc statusunu möhkəmləndirir.
