Bugun.tv xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. O, Azərbaycan və Türkiyə bayraqlarının daim yanaşı dalğalanmasını arzulayıb.
Anadolu Agentliyinin məlumatına görə, Ərdoğan bu fikirləri noyabrın 8-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
Çıxışının sonunda Türkiyə Prezidenti tanınmış Azərbaycan şairi Bəxtiyar Vahabzadənin Azərbaycan-Türkiyə qardaşlığını ifadə edən misralarını xatırladıb:
“Birdir bizim hər halımız, sevincimiz, məlalımız. Bayraqlarda hilalımız, Azərbaycan-Türkiyə”.
Daha sonra Ərdoğan hər iki ölkənin bayrağının daim göylərdə yanaşı dalğalanmasını arzulayaraq deyib:
“Rəbbim ay-ulduzlu al bayrağımızla şanlı Azərbaycan bayrağının göylərdə əbədi olaraq yanaşı dalğalanmasını nəsib etsin. 9 Noyabr Dövlət Bayrağı Gününü ən səmimi duyğularımla təbrik edirəm”.
Türkiyə Prezidenti çıxışının sonunda qardaş Azərbaycan xalqına salam və sevgilərini çatdırıb, İlham Əliyevə göstərdiyi qonaqpərvərliyə görə təşəkkür edib.
Mənbə: AnadoluAgentliyi
