Bugun.tv xəbər verir ki, Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə yeni saziş imzalayıblar. Reuters-in oktyabrın 21-də yaydığı məlumata görə, “Bədr” adlandırılan anlaşma hərbi imkanların gücləndirilməsini və müdafiə sənayesi sahəsində tərəfdaşlığın inkişafını nəzərdə tutur.
Sənəd Qətərin paytaxtı Dohada dörd ölkənin müdafiə nazirləri və nümayəndələrinin iştirakı ilə imzalanıb. Türkiyəni müdafiə naziri Yaşar Gülər, Qətəri dövlət müdafiə məsələləri üzrə nazir Şeyx Səud bin Əbdürrəhman əl-Tani, İndoneziyanı müdafiə nazirinin müavini Yusuf Cövhəri, Pakistanı isə müdafiə naziri Xavaca Məhəmməd Asif təmsil edib.
Türkiyənin Müdafiə Nazirliyinin açıqlamasına əsasən, saziş hərbi istehsal, texniki təlim, tədqiqat və inkişaf sahələrində əməkdaşlığı təşviq edəcək. Tərəflər müdafiə sənayelərinin imkanlarını birləşdirməklə müasir hərbi sistemlərin hazırlanması və istehsalında birgə fəaliyyəti gücləndirməyi hədəfləyirlər.
Razılaşmanın iştirakçı ölkələr arasında müdafiə əlaqələrini dərinləşdirməsi və birgə layihələr üçün yeni imkanlar yaratması gözlənilir.
Mənbə: Reuters Connect
