Dünya

Yatmazdan əvvəl yemək qaraciyər xəstəlikləri riskini artıra bilər

Bugun.tv xəbər verir ki, ABŞ-da aparılan genişmiqyaslı araşdırma gec saatlarda yemək yeməklə qaraciyər xəstəlikləri arasında əlaqə olduğunu üzə çıxarıb. Təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi tədqiqatda gecə yemək yeyən insanlarda qaraciyər xəstəlikləri riskinin 20–30 faiz daha yüksək olduğu müəyyən edilib.

TRT Haber-in məlumatına görə, ABŞ-ın Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) tədqiqatçıları üç böyük araşdırmanın nəticələrini təhlil ediblər. Clinical Gastroenterology and Hepatology jurnalında dərc olunan elmi işdə əsas diqqət qaraciyər yağlanması və sirrozla gec yemək vərdişi arasındakı əlaqəyə yönəldilib.

Qaraciyərin bioloji saatı

Tədqiqatın müəllifləri bildirirlər ki, qaraciyər orqanizmin bioloji saatı ilə sıx bağlıdır. Gecə saatlarında, xüsusilə bədən yuxuya hazırlaşarkən yemək yemək qidanın emalına təsir göstərə bilər. Bu vərdiş zamanla piylənmə, diabet və qaraciyər sağlamlığının pisləşməsi ilə əlaqəli ola bilər.

Mütəxəssislərin fikrincə, gündəlik qida qəbulunu yatmazdan bir neçə saat əvvəl dayandırmaq faydalı ola bilər. Bununla belə, araşdırma gec yeməyin birbaşa qaraciyər xəstəliyinə səbəb olduğunu sübut etmir. Nəticələr yalnız bu vərdişlə xəstəliklər arasında əlaqəni göstərir.

Əlavə araşdırmalar aparılacaq

Alimlər yemək vaxtının daha erkən saatlara keçirilməsinin qaraciyər sağlamlığına təsirini dəqiqləşdirmək üçün yeni tədqiqata başlayıblar. Bu araşdırmada iştirakçıların qidalanma vərdişləri birbaşa izlənəcək və daha erkən yeməyin qaraciyər yağlanması olan insanlara təsiri qiymətləndiriləcək.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Süni intellekt detektorları yazıçıları haqsız yerə ittiham edir

Aynur Camal

Şimali Koreya Cənubi Koreya sərhədi boyunca təbliğat səsgücləndiricilərini işə salacaq

Aynur Camal

Türkiyə, Qətər, Pakistan və İndoneziya müdafiə əməkdaşlığı sazişi imzaladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu