Bugun.tv xəbər verir ki, Türkiyə türk dövlətləri arasında iqtisadi inteqrasiyanın daha da gücləndirilməsini vacib hesab edir.
APA-nın məlumatına görə, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr müavini Kürşad Zorlu Bakıda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, dünyada qlobal kövrəkliklərin artdığı və ölkələrin müxtəlif geosiyasi risklərlə üzləşdiyi bir dövrdə regional inteqrasiya layihələrinin əhəmiyyəti artır.
Zorlunun sözlərinə görə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ümumi daxili məhsulu 2,4 trilyon dollara çatıb. O hesab edir ki, bu göstərici təşkilatın dünya iqtisadiyyatındakı mövqeyinin əhəmiyyətini artırır.
AK Partiya rəsmisi xüsusilə Orta Dəhlizin inkişafının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə bu layihənin daha da genişləndirilməsində maraqlıdır. Zorlu İraqla həyata keçirilməsi nəzərdə tutulan İnkişaf Yolu Layihəsinə də toxunaraq, Suriya üzərindən Hicaz Dəmir Yolu layihəsinin reallaşdırılması ilə Orta Dəhlizin Cənub Dəhlizi ilə əlaqələndirilməsi üçün yeni imkanların yarana biləcəyini bildirib.
Kürşad Zorlu qarşıdakı 13-cü Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Zirvəsinin Ankarada keçiriləcəyini də xatırladıb. O, türk dövlətləri arasında ticarətin artırılmasına yönəlmiş Rəqəmsal Tərəfdaşlıq Sazişinin imzalandığını açıqlayıb.
Onun sözlərinə görə, növbəti mərhələdə ortaq xarici ticarət platformasının yaradılması planlaşdırılır. Zorlu Türkiyənin bu məqsədlə “Karvan” adlı layihə hazırladığını bildirib. Onun fikrincə, platformanın istifadəyə verilməsi türk dövlətlərində fəaliyyət göstərən şirkətlərə məhsullarını həm qarşılıqlı bazarlarda, həm də dünya bazarlarında təqdim etmək imkanı verə bilər.
Mənbə: APA.az
