Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə paktının Yaxın Şərqdə mümkün təsirləri ilə bağlı sosial media hesabında paylaşım edib.
Ekspertin sözlərinə görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış müdafiə paktı Yaxın Şərqdə Türkiyənin geosiyasi və hərbi mövqeyini daha da gücləndirəcək. Onun fikrincə, Türkiyə bundan sonra Yaxın Şərqdə daha ciddi söz sahibi olan əsas aktorlardan birinə çevrilə bilər.
Məhəmməd Əsədullazadə qeyd edib ki, İran uzun illər ərzində proksi qüvvələr vasitəsilə Yaxın Şərqdə öz təsir dairəsini və hərbi mövqeyini genişləndirməyə çalışıb. Suriyadan Yəmənə qədər İranın dəstəklədiyi müxtəlif proksi qüvvələrin mövcudluğu regionda təhlükəsizlik arxitekturasına ciddi təsir göstərib.
Ekspert hesab edir ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan yeni müdafiə mexanizmi İranın regionda təsir dairəsinin daha da genişlənməsinin qarşısının alınmasına yönəlmiş mühüm addım ola bilər.
Onun sözlərinə görə, yeni ittifaqın qarşıdakı mərhələdə daha çevik mexanizmlər formalaşdırması və İranın proksi qüvvələrinə qarşı yeni təhlükəsizlik mexanizmlərinin hazırlanması mümkündür. Bu proses xüsusilə Yəməndə husilərlə bağlı məsələdə özünü göstərə bilər. İraqda İranın dəstəklədiyi silahlı qruplar və Suriyadakı proseslər də bu baxımdan diqqət mərkəzində olacaq.
Məhəmməd Əsədullazadə vurğulayıb ki, Yəməndə husilər Səudiyyə Ərəbistanına hücum edərsə, bu, avtomatik olaraq Türkiyənin və ya Pakistanın İrana qarşı müharibəyə başlaması anlamına gəlməyəcək.
“Eyni zamanda, tərəflərdən birinə qarşı real hərbi təcavüz və ya quru qoşunları ilə işğal cəhdi baş verərsə, müdafiə paktının müvafiq mexanizmlərinin işə düşməsi mümkündür. Məsələn, Səudiyyə Ərəbistanına qarşı real işğal təhlükəsi yaranarsa, Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanına hərbi və siyasi dəstək verməsi gündəmə gələ bilər. Eyni hal Türkiyə və ya Pakistana qarşı real hərbi təcavüz baş verdiyi halda da nəzərdən keçirilə bilər”, – deyə ekspert bildirib.
Ekspertin fikrincə, raket və ya dron hücumlarının hər birinin avtomatik olaraq kollektiv müdafiə mexanizmini işə salacağını düşünmək düzgün olmaz. Burada əsas məsələ hücumun miqyası, xarakteri və dövlətlərin ərazi bütövlüyünə yaratdığı təhlükə olacaq.
Məhəmməd Əsədullazadə gələcəkdə bu mexanizmə Misirin və digər ərəb ölkələrinin də qoşulmasının mümkün olduğunu bildirib. Onun fikrincə, belə bir genişlənmə Yaxın Şərqdə yeni hərbi-siyasi təhlükəsizlik arxitekturasının formalaşmasına gətirib çıxara bilər.
Ekspert qeyd edib ki, İran bu prosesdən narahatdır və Tehran bunu müəyyən mənada ABŞ-ın regiona yenidən daha fəal şəkildə cəlb olunması kimi də qiymətləndirə bilər.
“Lakin burada başqa bir məqam da var: Türkiyə NATO üzvüdür və NATO üzvü olan Türkiyənin Yaxın Şərqdə təhlükəsizlik məsələlərində daha fəal rol alması ABŞ-ın da strateji maraqları ilə müəyyən qədər üst-üstə düşür”, – deyə o əlavə edib.
Məhəmməd Əsədullazadənin qənaətinə görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında formalaşan hərbi-siyasi əməkdaşlıq uğurlu olarsa, Yaxın Şərqdə yeni təhlükəsizlik balansının əsas elementlərindən birinə çevrilə bilər.
Ekspert hesab edir ki, bu pakt İranın proksi qüvvələrinin fəaliyyətinə qarşı yeni mexanizmlərin yaradılmasına və regionda güc balansının dəyişməsinə ciddi təsir göstərə bilər.
Məhəmməd Əsədullazadə Siyasi ekspert, Milli Cəbhə Partiyası sədrinin müavini
