Ankarada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında təkbətək görüş baş tutub. Görüşdə Azərbaycan məsələsi də müzakirə olunub.
Hər iki tərəfin açıqlamalarına öz rəyini bildirən politoloq Tural İsmayılov Bugun.tv -ə müsahibə verib: “Bu görüşdən ilk gözlənti Türkiyə ilə Ermənistan arasındakı diplomatik əlaqələrin yaxşılaşması fonunda çox ciddi irəliləyişin əldə olunmasıdır. Türkiyə hər zaman Azərbaycanın Ermənistanı çağırdığı bütün sülh təkliflərini dəstəkləyib. Rəsmi Ankara dəfərlərlə vurğulayıb ki, Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq kimi hədəfi var və bu istiqamətdə atılan addımlar Azərbaycanla sülh məsələsi çərçivəsində Ermənistanın qərarından asılıdır. Əgər Ermənistan sülhlə bağlı təxribat törətməsi və eyni zamanda, destruktiv siyasətdən əl çəksə, Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması istiqamətində mühüm addımlar atıla bilər.
Ermənistanın yardımına gəlincə, bəşəri problemlərdə və insan tələfatlarında diplomatik jestlərdən istifadə edilməsi uğurlu addım hesab olunur. Türkiyə və Ermənistan xarici işlər nazirlərinin mətbuata verdiyi açıqlamalara görə, görüşdə Azərbaycan məsələsi də müzakirə olunub. İstənilən halda, nazirlərin təkbətək görüşünün nəticələri pozitiv qiymətləndirilə bilər”.