Bugun.tv-yə daxil olan məlumata görə, 2026-cı il avqustun 3–6-da Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə “Sülhün coğrafiyası: Qarabağ – Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı həyata keçirilib.
Proqram çərçivəsində Türkiyənin müxtəlif media qurumlarını və qeyri-hökumət təşkilatlarını təmsil edən jurnalistlər, ictimaiyyət nümayəndələri və təşkilat rəhbərlərindən ibarət 20 nəfərlik heyət Azərbaycana səfər edib.
Səfərin məqsədi işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və məskunlaşma işlərini yerində izləmək, “Böyük Qayıdış” proqramının nəticələri ilə tanış olmaq və Qarabağda baş verən dəyişiklikləri Türkiyə və beynəlxalq ictimaiyyətə çatdırmaq olub.
Proqramın ilk günü nümayəndə heyəti Bakıda Ümummilli Lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət edib. Daha sonra Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə keçirilən görüşdə Qarabağda aparılan bərpa prosesi, regional sülh perspektivləri və müharibədən sonrakı vəziyyət müzakirə olunub. Türkiyənin Azərbaycandakı səfirliyində keçirilən məlumatlandırma toplantısında isə Zəngəzur dəhlizinin əhəmiyyəti və Azərbaycan–Türkiyə əməkdaşlığının perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Qarabağ səfəri zamanı heyət Ağdam, Xankəndi, Şuşa və Laçında olub. Qonaqlar işğal dövrünün dağıntıları, aparılan bərpa-quruculuq işləri, yeni yaşayış məhəllələri, sənaye və sosial infrastruktur layihələri ilə tanış olublar. ANAMA nümayəndələri minalardan təmizləmə prosesi və təhlükəsiz məskunlaşma ilə bağlı brifinq təqdim ediblər. Türkiyəli media nümayəndələri doğma yurdlarına qayıdan ailələrlə də görüşüblər.
Səfər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən yekun iclasla başa çatıb. Tədbirdə Qarabağın bərpası, Zəngəzur dəhlizi, regional əməkdaşlıq və nəqliyyat layihələri müzakirə olunub, səfərin yekunu olaraq “Zəfərdən sülhə” adlı bəyanat təqdim edilib.
Təşkilatçılar bildiriblər ki, proqram Qarabağ həqiqətlərinin beynəlxalq media vasitəsilə daha geniş auditoriyaya çatdırılması və Azərbaycan–Türkiyə media əməkdaşlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.


