Bugun.tv xəbər verir ki, Dubaydan Təl-Əvivə uçan “Flydubai” aviaşirkətinə məxsus sərnişin təyyarəsində pilotlar arasında ciddi insident yaşanıb. Hadisə zamanı ikinci pilotun kapitana bıçaqla hücum etdiyi və daha sonra təyyarəni qəzaya uğratmağa cəhd göstərdiyi bildirilir.
Associated Press-in (AP) məlumatına görə, hadisə çərşənbə günü baş verib. Təyyarə qəfil hündürlük itirdikdən sonra İsrail tərəfi mümkün hava hücumu və ya qaçırılma ehtimalı ilə əlaqədar döyüş təyyarələrini havaya qaldırıb.
Sərnişinlərin və digər ekipaj üzvlərinin müdaxiləsi nəticəsində hücumun qarşısı alınıb. Təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edib. Hücumda şübhəli bilinən pilot yerli hakimiyyət orqanları tərəfindən saxlanılıb.
Hadisə təyyarə heyətinin təhlükəsizliyi və uçuş zamanı kokpitə giriş qaydaları ilə bağlı sualları yenidən gündəmə gətirib. Aviasiya sahəsində belə insidentlər nadir hallarda baş versə də, onların nəticələri çox ağır ola bilər.
Hadisənin bütün təfərrüatlarının və insidentin səbəblərinin araşdırılması gözlənilir.
Mənbə: Associated Press
