Bugun.tv xəbər verir ki, Ukrayna tərəfi Rusiya ordusunun tərkibində döyüşən ilk indoneziyalı hərbi əsirin ələ keçirildiyini açıqlayıb. Hadisə Rusiyanın Cənub-Şərqi Asiya ölkələrindən, xüsusilə İndoneziyadan hərbi qüvvə cəlb etməsi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
“The Guardian” qəzetinin 11 noyabr tarixli məlumatına görə, 49 yaşlı İndoneziya vətəndaşı Ukraynanın Zaporojye vilayətində Rusiya ordusunun hücum əməliyyatına cəlb edilib. Onun xidmət etdiyi qrup pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldıqdan sonra həmin şəxs Ukraynanın nəzarətində olan əraziyə keçib və əsir götürülüb.
Ukraynanın “Mən yaşamaq istəyirəm” adlı dövlət layihəsinin məlumatına əsasən, 2026-cı ilin ilk doqquz ayında 283 İndoneziya vətəndaşı Rusiya ordusuna cəlb edilib. Halbuki əvvəlki üç ildə bu rəqəm 10 nəfərdən çox olmayıb.

İndoneziya hökuməti Moskvanı vətəndaşlarının hərbi xidmətə cəlb edilməsinin qarşısını almağa çağırıb. Ölkə polisi isə sosial şəbəkələrdə və mesajlaşma tətbiqlərində tikinti və digər sahələrdə iş vəd edərək insanları Rusiyaya aparan insan alveri şəbəkəsini müəyyən etdiyini bildirib.
Mənbə: The Guardian
