“Avropa İttifaqı Ukraynaya siyasi, iqtisadi, humanitar, maliyyə və hərbi baxımdan dəstəyini davam etdirəcək.
“Ukrayna Rusiya ilə münaqişədə qalib gəlməyincə, təşkilat dincəlməyəcək”.
Bugun.tv TASS-a istinadən xəbər verir ki, bunu Avropa milli liderlərini bir araya gətirən Avropa Şurası bəyanat yayıb.
“Beynəlxalq tərəfdaşlarımızla birlikdə Ukraynanın üstün olmasına, beynəlxalq hüquqa hörmət edilməsinə, sülhün və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa olunmasına, Ukraynanın yenidən qurulmasına və ədalətin bərqərar olmasına əmin olacağımız günə qədər biz dincəlməyəcəyik”, – deyə məlumatda bildirilir.
“Avropa İttifaqı Ukraynaya siyasi, iqtisadi, humanitar, maliyyə və hərbi baxımdan, o cümlədən Avropa sənayesindən sürətli koordinasiyalı satınalmalar vasitəsilə dəstəyini davam etdirəcək. Biz həmçinin, Ukraynanın yenidən qurulmasını dəstəkləyəcəyik. Bunun üçün Aİ və beynəlxalq hüquqa uyğun olaraq dondurulmuş və hərəkətsizləşdirilmiş Rusiya aktivlərindən istifadə etməyə çalışacağıq”, – bəyanatda deyilir.
Avropa komissarı Didye Reynders və Avropa Komissiyasının sədri Ursula fon der Leyen daha əvvəl etiraf etmişdilər ki, Avropa və beynəlxalq qanunlar ölkələrin suveren aktivlərinə həbs qoyulmasını nəzərdə tutmur. Bununla belə, hər iki rəsmi əlavə edib ki, Aİ dondurulmuş Rusiya aktivlərini müsadirə etməyin qanuni yollarını axtaracaq.
“Rusiyaya təcavüz müharibəsini dayandırmaq üçün kollektiv təzyiqi daha da artıracağıq. Bu məqsədlə biz onuncu sanksiya paketini qəbul edəcəyik. Aİ tədbirlərindən yayınmağa cəhd edənlərə qarşı addımlar atacağıq”, – sənəddə əlavə edilib.
Aİ nümayəndələri Rusiyaya qarşı onuncu sanksiyalar paketinin razılaşdırılması səylərini davam etdirirlər. Qeyd edək ki, Von der Leyen daha əvvəl paketin 24 fevralda qüvvəyə minəcəyini açıqlamışdı.