Bugun.tv xəbər verir ki, Uelsdə yerləşən və UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş Blaenavon qəsəbəsində başıboş qoyun sürülərinin yaratdığı problem yerli hakimiyyəti təcili tədbirlər görməyə məcbur edib.
Məlumata görə, ətraf təpələrdəki hasarların naməlum şəxslər tərəfindən zədələnməsindən sonra çoxsaylı qoyunlar yaşayış məntəqəsinə daxil olmağa başlayıb. Heyvanlar küçələrdə hərəkəti çətinləşdirir, bağ və yaşıllıqlara ziyan vurur, hətta qəbiristanlıqlarda otlayırlar.
Yerli bələdiyyə üzvü Nick Horler bildirib ki, problem təkcə ətraf mühitə deyil, həm də yol hərəkəti təhlükəsizliyinə ciddi təsir göstərir. Onun sözlərinə görə, başıboş qoyunlar qəza riskini artırır və həm insanların, həm də heyvanların təhlükəsizliyini təhdid edir.
Məsələnin həlli üçün Torfaen Bələdiyyəsi UNESCO irsi statusuna malik ərazidə nəzarəti gücləndirməyi planlaşdırır. Bununla əlaqədar olaraq, qoyunların nəzarətdə saxlanılması və tarixi ərazinin qorunması üçün çobanların işə cəlb olunacağı bildirilib.
Ətraf mühit məsələləri üzrə məsul şəxs Mandy Owen isə çoban vəzifəsi ilə bağlı müzakirələrin davam etdiyini və namizədlərin seçilməsi prosesinin başladığını açıqlayıb.
Qeyd edək ki, Blaenavon sənaye landşaftı 2000-ci ildən UNESCO-nun Dünya İrs Siyahısına daxildir və Böyük Britaniyanın ən mühüm sənaye irsi məkanlarından biri hesab olunur.
Mənbə: Ensonhaber
