Bugun.tv xəbər verir ki, yay tətilindən sonra məktəb günlərinə qayıtmaq uşaqlar üçün stress yarada bilər. Pediatr Yekaterina Vetrova uşağın dərs ilinin əvvəlində kapriz, xroniki yorğunluq və yuxu problemləri yaşamaması üçün rejimin əvvəlcədən və tədricən dəyişdirilməsini tövsiyə edib.
Həkimin sözlərinə görə, yay aylarında formalaşan rejimin məktəb başlamazdan əvvəl qəfil dəyişdirilməsi uşağın orqanizminə mənfi təsir göstərə bilər. Buna görə də yatmaq və səhər oyanmaq vaxtını tədricən məktəb rejiminə uyğunlaşdırmaq lazımdır.
Mütəxəssis xüsusilə səhər uşağı müəyyən edilmiş vaxtda oyatmağın vacib olduğunu bildirib. Uşaq əvvəlki gecə gec yatmış olsa belə, səhər vaxtında oyadılmalıdır. Bu, axşama qədər təbii yorğunluğun yaranmasına və daha asan yuxuya getməsinə kömək edə bilər.
Yatmazdan təxminən bir saat əvvəl telefon, planşet və digər elektron cihazlardan istifadə dayandırılmalıdır. Həkim qeyd edir ki, ekranlardan yayılan mavi işıq melatonin hormonunun ifrazını azalda və yuxuya getməyi çətinləşdirə bilər. Bunun əvəzinə ilıq duş qəbul etmək, kitab oxumaq və ya ailə ilə sakit söhbət etmək tövsiyə olunur.
Uşağın kifayət qədər yatması da xüsusi əhəmiyyət daşıyır. İbtidai sinif şagirdləri ən azı 10 saat, yeniyetmələr isə 8,5–9 saat yatmalıdır.
Mütəxəssisə görə, rejimin əvvəlcədən və tədricən qurulması uşağın məktəbə daha rahat uyğunlaşmasına kömək edə bilər.
Mənbə: Health Mail.ru
