“Qış aylarında ən çox qarşılaşdığımız hallardan biri də orqanizmdə yaranan vitamin çatışmazlığıdır. Bu da immun sisteminin zəifləməsinə səbəb olur və tez-tez xəstələnirik. Mütəxəssislər bildirir ki, C vitamini, A və B qrupu vitaminlərinin çatmazlığı ən çox qış aylarında baş verir. Özümüzü halsız, yorğun hiss etdikdə bədənimizdə vitamin çatışmazlığı olduğunu düşünürük. Bunu təmin etmək, immunitetimizi gücləndirmək üçünsə vitamin qəbul edirik. Lakin yersiz qəbul edilən dərmanlar müxtəlif xəstəliklərə yol aça bilir. Məsələn, A vitamini qaraciyər, C vitamini isə böyrək və mədə üçün təhlükəlidir”.
Bu sözləri terapevt Nərgiz Kərimova Bugun.tv-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, orqanimzin vitamin balansının pozulması əsasən payız və qış aylarında rast gəlinir. “Bu özünü dəridə quruluq, ağız bucağında çatların yaranması kimi hallarla göstərir. Vitamin D çatmamazlığı zamanı insanlarda tez-tez yorulma, tərləmə, saçın tökülməsi, yorğunluq kimi əlamətlər özünü biruzə verir. B qrup vitamin çatışmazlığı zamanı isə ən çox sinir sisteminin pozulmaları mövcud olur”.
N.Kərimovanın sözlərinə görə, bəzən vitamin çatışmazlığına mədə-bağırsaq sisteminin pozulması da səbəb ola bilir. Bu halların qarşısını almaq üçün mütəmadi həkim təyinatlarına uyğun olaraq vitamin qəbul edilməlidir. Ən çox meyvə-tərəvəzdən istifadə etmək lazımdır ki, bizə lazım olan mikroelementləri, vitaminləri qəbul edək. Bəzən insanlar vitamin deyərək hər bir preparatlardan istifadə edirlər. Lakin bu nəzarətsiz olmamalıdır.
Araşdırmalar göstərir ki, çox sayda vitamin qəbulu prostat xərçənginin yaranmasına da səbəb olur. İnsan xəstə olanda ilk C vitamini qəbul edir. Ancaq yüksək dozada və uzun müddət qəbul etsək böyrəkdə daş yaranar. İmmun sisteminizi gücləndirmək üçün ən yaxşı üsul bol meyvə-tərəvəz yemək, mövsümə uyğun təbii şirələr qəbul etməkdir.