Bugun.tv xəbər verir ki, Almaniyanın avtomobil istehsalçısı Volkswagen Polşadakı günəş elektrik stansiyasında otların biçilməsi üçün texnikadan imtina edərək təxminən 100 qoyundan ibarət sürüdən istifadə etməyə başlayıb.
Şirkətin Poznan şəhərində yerləşən zavodunu elektrik enerjisi ilə təmin edən günəş elektrik stansiyası 27 hektar ərazini əhatə edir və burada 31 min fotovoltaik panel quraşdırılıb. Ümumi gücü 18,3 meqavat olan stansiya günəşli günlərdə zavodun elektrik tələbatını tam ödəyir, il ərzində isə enerji ehtiyacının təxminən 25 faizini qarşılayır.
Volkswagen panellərin altında bitən otların təmizlənməsi üçün əvvəllər istifadə olunan qazonbiçənləri dövriyyədən çıxararaq bu işi qoyunlara həvalə edib. Şirkət hesab edir ki, bu yanaşma yanacaq sərfiyyatını və texniki xidmət xərclərini azaltmaqla yanaşı, ətraf mühitə təsiri də minimuma endirir.
Layihə çərçivəsində Poznan Həyat Elmləri Universitetinin alimləri torpağın keyfiyyəti, biomüxtəliflik, mikroiqlim və heyvanların rifahı ilə bağlı müşahidələr aparırlar. Tədqiqatçılar bildirirlər ki, günəş panellərinin yaratdığı kölgə isti havalarda qoyunlar üçün daha rahat şərait formalaşdırır, nəzarətli otlama isə həşəratlar və digər canlılar üçün daha sağlam ekosistem yaradır.
Mütəxəssislərin fikrincə, Volkswagen-in tətbiq etdiyi bu model kənd təsərrüfatı ilə günəş enerjisi istehsalını eyni ərazidə birləşdirən aqrivoltaik sistemlərin uğurlu nümunələrindən biri hesab olunur.
Mənbə: EnSonHaber

