Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Prezident İlham Əliyevin Azərbaycan–Latviya biznes forumunda səsləndirdiyi fikirlərə istinad edərək ölkənin qaz ixracı ilə bağlı beynəlxalq mövqeyini şərh edib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Avropa İttifaqının 10 üzv dövləti Azərbaycandan təbii qaz alır və ümumilikdə bu rəqəm 16 ölkəni əhatə edir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan boru kəmərləri vasitəsilə qaz ixrac edən ölkələr arasında təchizat coğrafiyasına görə dünyada birinci yerdədir.
Vüqar Bayramov qeyd edib ki, hazırda Azərbaycanla yanaşı boru kəmərləri ilə qaz ixrac edən əsas ölkələr sırasında Rusiya, Norveç, Əlcəzair, Kanada və ABŞ yer alır.
Deputatın sözlərinə görə, Ukrayna müharibəsindən sonra Rusiyanın qaz ixrac etdiyi ölkələrin sayı ciddi şəkildə azalıb və 2019-cu ildə 37 ölkəyə qaz satan Rusiya hazırda bu göstəricidə birrəqəmli sayla məhdudlaşır.
Norveç isə əsasən Almaniya, Böyük Britaniya, Belçika, Fransa və Danimarka olmaqla Avropanın 7 ölkəsinə qaz ixrac edir. Əlcəzairin əsas bazarları İtaliya, İspaniya və Fransadır.
Kanadadan ixrac edilən qazın isə 99 faizdən çoxu ABŞ-ə yönəlir. ABŞ isə daha çox maye qaz (LNG) ixracatçısı kimi çıxış edir.
Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan qaz hasilatını artırmaqda davam edir və bu dinamikanın növbəti illərdə də davam edəcəyi gözlənilir. Onun sözlərinə görə, 2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil olunub ki, bu da ötən illə müqayisədə 1,2 milyard kubmetr çoxdur. Həmin dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib, bunun 12,8 milyard kubmetri isə Avropaya yönəlib.
