Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid yaxın dövrdə reallaşa bilər. Onun sosial media hesabındakı şərhinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi artıq bu istiqamətdə qanun layihələrinin hazırlanması üzərində işləyir.
Deputat qeyd edib ki, inkişaf etmiş ölkələrin təcrübəsi saatlıq əməkhaqqı modelinin bir sıra üstünlüklərə malik olduğunu göstərir. Bu sistem işçilərə əsas iş saatlarından əlavə işlədikləri müddət üçün – yəni “overtime” – əlavə ödəniş almaq imkanı yaradır. Eyni zamanda vətəndaşların bir neçə iş yerində çalışmaq imkanlarını da genişləndirir.
Vüqar Bayramov vurğulayıb ki, yeni mexanizmin tətbiqi ilə əməkhaqqı aylıq deyil, saatlıq əsasda hesablanacaq. Bu isə vətəndaşların işlədikləri saatlara uyğun daha ədalətli əməkhaqqı almasına şərait yaradacaq. Onun sözlərinə görə, belə yanaşma əməkhaqqı artımına da müsbət təsir göstərə bilər.
Deputat əlavə edib ki, beynəlxalq təcrübəyə əsasən, qeyri-iş günlərində və ya iş saatlarından sonra çalışanlara xüsusi əmsallar tətbiq edilir və bu da onların daha yüksək qazanc əldə etməsinə imkan verir. Bu model həmçinin vətəndaşların əməyinin daha yüksək qiymətləndirilməsinə xidmət edir.
Vüqar Bayramov qeyd edib ki, saatlıq əməkhaqqı sisteminə keçid zamanı müvafiq meyarlar müəyyənləşdiriləcək və minimum saatlıq əməkhaqqı səviyyəsi təsbit olunacaq. Bu minimum göstəricilər aylıq minimum əməkhaqqı ilə uyğunlaşdırılmalı və daha yüksək səviyyədə müəyyən edilməlidir.
Deputatın sözlərinə görə, hazırda yeni mexanizmin hazırlanması prosesi davam edir və son razılaşdırmalardan sonra sistemin tətbiq tarixi açıqlanacaq. O bildirib ki, bu dəyişiklik əməkhaqqı sistemində mühüm yenilik hesab olunur.
