Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Azərbaycan-Ermənistan münasibətləri, iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və Ermənistanın sülh gündəliyinə münasibəti ilə bağlı paylaşım edib.
Deputat sosial media hesabında bildirib ki, rəsmi İrəvan bir tərəfdən Azərbaycanla iqtisadi əlaqələri genişləndirməkdə maraqlı olduğunu bəyan edir, digər tərəfdən isə revanşist qüvvələrə dəstək verir. Onun sözlərinə görə, bu yanaşma Ermənistanın sülh gündəliyinə sadiqliyinin səmimiliyi ilə bağlı şübhələr yaradır.
Vüqar Bayramov qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında ticarət dövriyyəsi 18 milyon dolları keçib, Azərbaycan ərazisi üzərindən Ermənistana yükdaşımalar da davam edir. Deputat bunu Azərbaycanın sülh gündəliyinə sadiqliyinin göstəricisi kimi qiymətləndirib.
Bayramov Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərindən sonra erməni revanşist qüvvələrin reaksiyasını və Ermənistan hakimiyyətinin mövqeyini də tənqid edib. Onun fikrincə, səfərdən sonra yayılan məlumatlar və revanşist kampaniya ilə bağlı proseslərdə Ermənistan hakimiyyətinin də rolunun olması ehtimalı diqqət çəkir.
Deputat Ermənistan parlamentinin sədri Ruben Rubinyanın açıqlamasını da qəbuledilməz hesab edib və bunu Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Vüqar Bayramovun sözlərinə görə, Ermənistanın enerji əməkdaşlığını genişləndirmək və Azərbaycandan təbii qaz idxal etmək niyyətini bəyan etdiyi halda revanşizmi dəstəkləməsi rəsmi İrəvanın sülh prosesində qeyri-səmimi mövqe tutduğunu göstərir.
O vurğulayıb ki, dayanıqlı sülh Ermənistanın öz inkişafı üçün də vacib şərtdir. Deputat əlavə edib ki, Azərbaycan regionda sülh və əməkdaşlığa töhfə verməyə davam edir və Cənubi Qafqazın dayanıqlı inkişafı məhz davamlı sülhdən keçir.
