Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanuna edilən dəyişikliklər keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Deputatın sözlərinə görə, yeni qanuna əsasən, işğaldan azad olunmuş ərazilərə köçürülən və dövlət tərəfindən yaşayış sahəsi ilə təmin edilən, yaxud təklif olunan mənzildən imtina edən keçmiş məcburi köçkünlər üç il müddətində mövcud sosial güzəştlərdən istifadə edə biləcəklər.
Vüqar Bayramov qeyd edib ki, hazırda məcburi köçkün statusuna malik ailə üzvünə görə aylıq 60 manat məbləğində müavinət ödənilir. Bundan əlavə, dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunan keçmiş məcburi köçkün ailələrinin övladlarının təhsil haqqı dövlət tərəfindən qarşılanır və bir sıra dövlət rüsumları üzrə də güzəştlər tətbiq edilir.
Deputat vurğulayıb ki, qanuna edilən dəyişikliklərə əsasən, bu güzəştlər mənzillə təmin olunduqdan sonra da üç il ərzində qüvvədə qalacaq. Həmçinin tələbə universitetə qəbul zamanı bu güzəşt hüququna malikdirsə, onun təhsil müddəti üç ildən artıq olsa belə, güzəşt bütün təhsil dövrünü əhatə edəcək.
Vüqar Bayramovun sözlərinə görə, yeni qanunla işğaldan azad edilmiş ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılacaq və həmin ərazilərdə mənzillə təmin olunan vətəndaşlara mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış veriləcək. O bildirib ki, bununla da öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin mülkiyyət hüququ tam şəkildə tanınacaq.
Deputat hesab edir ki, qəbul edilən dəyişikliklər dövlətin keçmiş məcburi köçkünlərə sosial dəstəyinin davamlı xarakter daşıdığını və Böyük Qayıdış prosesinin daha səmərəli təşkilinə xidmət etdiyini göstərir.

