“Bu gün Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. 12 noyabr 1995-ci ildə qəbul edilən, müəllifi Ümummilli Lider Heydər Əliyev olan müstəqil Azərbaycan Konstitusiyası ölkədə həm siyasi, həm də iqtisadi sistemin formalaşmasında dönüş nöqtəsi olub”.
Bu barədə iqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında bildirib.
Deputat qeyd edib ki, Konstitusiyanın qəbulundan sonra ölkədə iqtisadi islahatlar dərinləşib, özəl sektorun davamlı inkişafı təmin edilib. Son 31 ildə Azərbaycanın dövlət büdcəsi 50 dəfə artıb. 1995-ci ildə adambaşına düşən ÜDM 300 dollar idisə, 2025-ci ildə bu göstərici 7,7 min dollara yüksəlib.
Vüqar Bayramov vurğulayıb ki, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, son 30 ildə adambaşına ÜDM-in artım tempinə görə postsosialist məkanında ən böyük sıçrayışı Azərbaycan nümayiş etdirib.
Onun sözlərinə görə, Konstitusiya mülkiyyət hüquqlarının qorunması və liberal iqtisadiyyatın inkişafı baxımından da həlledici addım olub. Son 31 ildə Azərbaycan iqtisadiyyatına 360 milyard dollardan artıq sərmayə cəlb edilib.
Deputat əlavə edib ki, bu gün artıq ölkənin bütün suveren ərazilərində vətəndaşların konstitusional hüquqları tam şəkildə qorunur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün ərazilərdə konstitusional ədalət və hüquqi dövlət prinsipləri təmin olunub.
