Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Azərbaycan və Özbəkistan arasında strateji münasibətlərin və qarşılıqlı səfərlərin turizm əlaqələrinə də müsbət təsir etdiyini bildirib.
Deputat sosial media hesabında qeyd edib ki, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri zamanı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanması iki ölkə arasındakı strateji yaxınlığın mühüm göstəricisidir.
Vüqar Bayramovun sözlərinə görə, iki dövlət başçısı arasında səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində xüsusi rol oynayır. O bildirib ki, vətəndaşların qarşılıqlı səfərləri də bu əlaqələri daha da gücləndirir.
Deputatın açıqlamasına görə, 2026-cı ilin ilk səkkiz ayında 44 min Özbəkistan vətəndaşı Azərbaycana səfər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə Özbəkistandan gələn turistlərin sayının 34 faiz artması deməkdir.
Bayramov qeyd edib ki, 2025-ci il ərzində Azərbaycana səfər edən Özbəkistan vətəndaşlarının ümumi sayı 46 min nəfər olub. Beləliklə, 2026-cı ilin ilk səkkiz ayında ölkəyə gələn Özbəkistan vətəndaşlarının sayı artıq ötən ilin ümumi göstəricisinə çox yaxınlaşıb.
Deputat hesab edir ki, bu dinamika ilin yekununda Özbəkistandan Azərbaycana gələn turistlərin sayında daha yüksək artımın qeydə alınacağını göstərir.
Vüqar Bayramov xüsusilə sağlamlıq turizmi məqsədilə Azərbaycana gələn Özbəkistan vətəndaşlarının sayında artım olduğunu vurğulayıb. Onun sözlərinə görə, turizm yalnız qarşılıqlı səfərlər deyil, həm də iki qardaş ölkə arasında əlaqələrin və humanitar bağların daha da möhkəmlənməsinə xidmət edir.
